Milli Məclisdə müzakirəyə çıxarılan yeni dəyişikliklərə əsasən, hərbi xidmətə çağırılan diplomatik xidmət əməkdaşları üçün əlavə müavinət və iş təminatı ilə bağlı yeni imtiyazlar müəyyənləşdirilir. Layihədə qeyd olunur ki, xidmətinə xitam verilən diplomatlara orta aylıq dövlət məvacibinin 3 misli həcmində müavinət ödəniləcək. Eyni zamanda, hərbi xidmətdən qayıtdıqdan sonra onların əvvəlki və ya analoji vəzifəyə təyin olunması da nəzərdə tutulur. Bu dəyişiklik cəmiyyətdə “diplomatik xidmət əməkdaşı” anlayışının kimləri əhatə etdiyi ilə bağlı suallar yaradıb.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Demokrat.az-a bildirib ki, əgər diplomatın xidmətinə xitam verilibsə və o, hərbi xidmətdədirsə, Vətən qarşısında borcunu yerinə yetirirsə, dövlət tərəfindən həm məvacib alacaq, həm də müavinət nəzərdə tutulub:
“Bunu götürüb, nə bilim, aylıq dövlət məvacibinin üç misli, üç qatı həcmində müavinət ödəniləcək kimi təqdim etməyi hələ başa düşə bilmirəm. Bilmirəm ki, bu nəyə görə bu şəkildə olmalıdır. Hər halda, bu qanun layihəsini təklif edən şəxslər bununla bağlı Azərbaycan ictimaiyyətinə məlumat versəydilər, daha yaxşı olardı. Onsuz da əvvəllər də Azərbaycanda qanunda var idi ki, tutaq ki, mən Xarici İşlər Nazirliyinin əməkdaşıyam və yaxud başqa bir qurumun əməkdaşıyam, hərbi xidmətə gedirəmsə, hərbi xidmətdən qayıdandan sonra əvvəlki və ya analoji vəzifəyə təyin olunmalı idim. Bu qanunda da var idi. Diplomatik xidmət o deməkdir ki, həmin şəxs diplomat statusuna malikdir və ona müvafiq rütbə verilib. Diplomatik xidmət ayrıca bir xidmət növüdür. Yəni Xarici İşlər Nazirliyində çalışan hər bir şəxs diplomatik xidmət əməkdaşı sayılmır”.
O qeyd edib ki, diplomatik xidmət dedikdə fövqəladə və səlahiyyətli səfir, konsul və yaxud bunların köməkçiləri, yardımçıları nəzərdə tutulur:
“Yəni bu anlayışın altına həmin şəxslər düşür. Ona görə də, yenə də demək istəyirəm ki, bu imtiyazların nədən ibarət olacağını mən şəxsən başa düşmədim. Mənim üçün böyük çətinlikdir ki, Xarici İşlər Nazirliyindən hərbi xidmətə çağırılmış şəxsə hansı imtiyaz verilməlidir? Əgər həmin şəxsə ehtiyac varsa, ona möhlət verilməlidir və o, Xarici İşlər Nazirliyində fəaliyyətini davam etdirməlidir. Yox, əgər hərbi xidmətə çağırılıbsa, hamı kimi ali təhsilli və ya orta təhsilli şəxslər kimi o da öz hərbi borcunu yerinə yetirməlidir. Ona görə də mən şəxsən burada hər hansı bir imtiyazın olmasını anlaya bilmirəm”.
