Züqanov TƏLƏB ETDİ: Paşinyan Moskvaya buraxılmasın!!!backend

Züqanov TƏLƏB ETDİ: Paşinyan Moskvaya buraxılmasın!!!

Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada qəbul edilməməsini tələb edib.

KONKRET.az xəbər verir ki, Züqanov bu barədə Dövlət Dumasının tribunasından çıxışı zamanı danışıb.

O, Ermənistan paytaxtında Rusiya əleyhinə fikirlərin səsləndirilməsini sərt tənqid edib.

“Hər şeyi təsəvvür edə bilərdim, amma İrəvandan Qırmızı meydanın atəşə tutulması ilə bağlı təhdidlərin səslənəcəyini yox”, – deyə Züqanov bildirib.

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin adını çəkməsə də, mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammitindəki çıxışını nəzərdə tutub.

Qeyd edək ki, Zelenski həmin çıxışında rusiyalıların “Qırmızı meydan üzərində dronların vızıltısından qorxduğunu” demişdi.

Züqanov Paşinyanın Moskvada qəbul edilməsinə də etiraz edib.

“Sual yaranır: niyə onlar buna İrəvanda imkan verirlər və niyə Paşinyanı Moskvada qəbul edirlər? Mən təkid edirəm ki, ona (Paşinyanı nəzərdə tutur – red.) kim necə səs verirsə-versin, o, bir daha paytaxtımızda görünməsin”, – deyə Rusiya Kommunist Partiyasının lideri bildirib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Rusiyaya “alçaldıcı və təhqiramiz” münasibət göstərib.

Züqanov əlavə edib ki, böyük bayram ərəfəsində bundan ağır təhqiri təsəvvür etmək çətindir.

Xatırladaq ki, mayın 9-da mətbuat konfransında Vladimir Putinə Paşinyanın Zelenskini İrəvanda qəbul etməsi və ona Rusiya əleyhinə çıxış üçün tribuna verməsi ilə bağlı sual ünvanlanmışdı.

Rusiya Prezidenti cavabında Ermənistanın Avropaya yaxınlaşma məsələsi ilə bağlı referendum keçirməsinin “məntiqli” olduğunu bildirib.

Putin daha sonra Ermənistanda baş verənləri Ukrayna ilə müqayisə edib:

“Biz indi Ukrayna istiqamətində baş verənlərin hamısını yaşayırıq. Bəs bu nədən başladı? Ukraynanın Avropa İttifaqına daxil olması və ya buna cəhddən… Buna görə də məsələni ifrat həddə çatdırmaq lazım deyil”, – deyə Putin qeyd edib.

Putinin bu açıqlamasından sonra Dövlət Dumasının sədri Vyaçeslav Volodin də Ermənistanla bağlı sərt fikir bildirib.

O, Paşinyanın addımını “dostyana davranış” adlandırmağın mümkün olmadığını qeyd edib.

“İstər-istəməz paralel yaranır: Ukraynada da hər şey məhz belə başlamışdı. Bu, Ermənistanın adi vətəndaşlarına lazımdırmı?” – deyə Volodin yazıb.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*