Amerika–İran münaqişəsi zamanı hərbi əməliyyatlar gedərkən, Səudiyyə Ərəbistanı İraq ərazisində Tehranın dəstəklədiyi silahlı qruplarla əlaqəli hədəflərə zərbələr endirib.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi mənbələrə istinadən yazıb.
Nəşrdə qeyd olunur ki, bu zərbələr Fars körfəzi regionunda krallığın daha geniş hərbi tədbirlər planının bir hissəsidir və İrana qarşı müharibə zamanı bu fəaliyyətlər gizli saxlanılıb.
Mənbələrin bildirdiyinə görə, Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələri krallığın İraqla sərhədi yaxınlığında İranın proksi qüvvələri ilə əlaqəli hədəflərə zərbələr endirib.
Agentliyin mənbələri bildiriblər ki, həmin obyektlərdən Səudiyyə Ərəbistanına və Körfəz regionundakı digər ölkələrə qarşı dron və raket hücumları həyata keçirilirdi. İraq mənbələri həmçinin Küveytdən İraqa ən azı iki zərbə endirildiyini də Reuters-ə bildiriblər.
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin adı açıqlanmayan nümayəndəsi isə Ər-Riyadın təhlükəsizlik və rifahın təmin olunması üçün gərginliyin aşağı salınmasına çalışdığını deyib, lakin İraqa endirilən zərbələr barədə açıqlama verməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az