Son illər Azərbaycanda həm yığım, həm də maliyyə təminatı təqdim edən sığorta məhsullarına maraq artır. Xüsusilə, “Həyatın yaşam sığortası” vətəndaşlara bir tərəfdən gözlənilməz risklərdən qorunmaq, digər tərəfdən isə müəyyən müddətdən sonra əlavə gəlir əldə etmək imkanı yaradır.
Bəs bu sığorta növü eyni anda həm təminat, həm də qazanc mexanizmini necə formalaşdırır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Emil Ağabağırov bildirib ki, “Həyatın yaşam sığortası” həm təminat, həm də qazanc verən yeganə sığorta növü hesab olunur.

Onun sözlərinə görə, bu sistem üzrə vətəndaş rəsmi əmək haqqı aldığı iş yerində sığorta müqaviləsi bağlayır və müəyyən müddət ərzində aylıq ödənişlər edir:
“Yaşam sığortası elə bir sığorta növüdür ki, həm 3 il ərzində təminat verir, həm də müddət tamam olduqdan sonra vətəndaşa gəlir qazandırır. Məsələn, bir şəxs 3 illik müqavilə bağlayır və hər ay əmək haqqından 1000 manat sığorta şirkətinə ödəniş edir. Beləliklə, 3 il ərzində ümumilikdə 36 min manat vəsait yatırılır. Müddət başa çatdıqdan sonra isə sığorta şirkəti həmin şəxsə təxminən 47-48 min manat geri ödəniş edir. Bu da vətəndaş üçün ciddi maliyyə qazancı deməkdir”.
Ekspert qeyd edib ki, bu sığorta növünün əsas üstünlüklərindən biri də risk təminatıdır.
“Belə ki, müqavilə müddəti ərzində sığorta olunan şəxsin başına bədbəxt hadisə gəldiyi və ya ölüm halı baş verdiyi təqdirdə, müqavilənin sonunda nəzərdə tutulan məbləğ ailə üzvlərinə və ya vərəsələrinə ödənilir. Yəni vətəndaş həm gələcəyinə yatırım edir, həm də ailəsinin maliyyə təhlükəsizliyini təmin etmiş olur”, – deyə Emil Ağabağırov vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az
