“Buraxın, Rusiya masa oyunları oynasın, enerji bir yerdən çıxmalıdır” – ŞƏRHbackend

“Buraxın, Rusiya masa oyunları oynasın, enerji bir yerdən çıxmalıdır” - ŞƏRH

Xəbər verdiyimiz kimi, yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib və üçtərəfli Bəyanat imzalanıb.

Bəyanatla bağlı fikirlərini KONKRET.az-la bölüşən Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli bildirib ki, 11 yanvar Moskva görüşü iqtisadi xarakter daşıyırmış görüntüsü yaratdı: “Bağlı qapılar arxasında nələr danışılıb, hansı mövzular müzakirə olunub – bunu ancaq təxmin edə bilərik.  Amma məlum olan məsələlər də var və ən vacib olan məsələdən əlimiz güclü çıxdı. Azərbaycan terrorçuların Ermənistana qaytarılması və status məsələsini müzakirə mövzusu belə etməyə icazə vermədi. Bunu Paşinyan da açıq söylədi. Digər məsələlər isə iqtisadi maraqların üzərində öz təbii axarını aldı. Düzdür, Rusiya “böyük və regionun sahibi” imicinə oynadı, amma olsun. Bu, sadəcə, görüntüydü. “Burada hələ də mən varam”, – deyən Rusiya əslində regionda dəyişən iqtisadi maraqların nisbətən güclü oyunçusu ola bilər və bütün etdikləri də daha çox bu qəbildəndir”.

Anar Əsədli vurğulayıb ki, Çin, Türkiyə, Orta Asiya və Qazaxıstan, üstəgəl, digər region dövlətlərinin maraqları ermənilərin boş ərazi iddialarının üstündən xətt çəkib, Azərbaycanın hərbi uğurlarının qarantı kimi çıxış etsə də, Rusiya öz növbəsində müvəqqəti olaraq Laçın dəhlizində oturub özünü ovudur: “11 yanvar görüşündə iqtisadi maraqlar ön plana çəkilib. Bu isə regionda həm Türkiyənin qolunu gücləndirir, həm də başqa türk dövlətlərini bir araya gətirir. Qırğız Respublikasında son illərdə ilk dəfə milli adamın hakimiyyətə gəlməsi, Qazaxıstanın savaş zamanı və savaşdan sonra Azərbaycan və Türkiyənin yanında olması, hətta Türkiyəyə təşəkkür etməsi 11 yanvar görüşünün üstündə olan məsələlərdir. Buraxın, Rusiya masa oyunları oynasın, enerji bir yerdən çıxmalıdır… Amma bir fakt danılmazdır: Rusiya burada sahib deyil, tərəfdir”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*