“Camaat haray çəkir” – Neftçaladakı su fəlakəti böyüyürbackend

“Camaat haray çəkir” – Neftçaladakı su fəlakəti böyüyür

Sabir Rüstəmxanlı: “Maşınlarla yalnız evlərə içməli su daşına bilir, mal-qara, əkin sahələri bu yolla suvarıla bilməz”

Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı Milli Məclisdə təmsil etdiyi Neftçalanın su problemini gündəmə gətirib.

KONKRET.az xəbər verir ki, vəziyyətin dözülməzliyi barədə millət vəkili rəsmi “Facebook” səhifəsində yazıb.

Rüstəmxanlı qeyd edib ki, yayın quraq keçməsi, suvarma mövsümünün başlanması Kürün suyunu azaldıb: “Ömrüm boyu Kürün üstündən yüz dəfələrlə keçmişəm, ancaq onu heç vaxt indiki kimi səssiz və çarəsiz görməmişəm. Yatağının bir tərəfinə çəkilib, dibinin çadar-çadar torpağı üzə çıxıb. Bir yandan da Kür deltasının yanlış istiqamətdə dərinləşdirilməsi və güclü xəzri Xəzərin suyunu tərsinə – Kürə axıdıb, şor su çay yuxarı qalxıb 20-30 kilometrlik məsafədə çayın suyunu tam yararsız vəziyyətə salıb”.

“Görək bu iki ayı necə yaşayacağıq”

 

“Neçə müddətdir Neftçala camaatı su deyib haray çəkir. Rayon rəhbərliyinin və millət vəkili kimi mənim, dincliyimiz yoxdur. Prezident Administrasiyası və əlaqədar qurumlar vəziyyəti nizamlamaq üçün səylərini əsirgəmirlər. Lakin həyatı suya bağlı olan bir kənd təsərrüfatı rayonu üçün Kürün yerini doldurmaq çətindir. Maşınlarla yalnız evlərə içməli su daşına bilir, mal-qara, əkin sahələri bu yolla suvarıla bilməz. Bizim yazılarımızdan, Milli Məclisdəki çıxışımızdan, rayondan gələn həyəcanlı xəbərlərdən sonra bir dəfə Mingəçevirdən gələn su artırıldı, suyun şorluluğu azaldı, lakin sonra Xəzər yenə güc gəldi. Son günlərdə Kür boyu bəzi nasosların dayandırılması nəticəsində Kürün səviyyəsi yenə yüksəlir. Lakin bu mövsümdə nasosları uzun müddət dayandırmaq olmaz…”, – deyə Rüstəmxanlı vurğulayıb.

Deputat bildirib ki, bu gərginlik Neftçala şəhərinin içməli su problemini də gündəmə gətirib: “Məlumat üçün deyim ki, bu məqsədlə Azərbaycan Prezidentinin ötən ilin 11 və 30 dekabr tarıxli sərəncamları ilə lazımi vəsait ayrılıb. “Azərsu” Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun verdiyi məlumatdan aydın olur ki, indi Neftçalaya içməli su kəmərinin çəkilişi xeyli sürətlənib və bu iş iki ay ərzində tamamlanacaq. Görək bu iki ayı necə yaşayacağıq…”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*