“Cəmiyyət artıq televiziyalardan imtina etmiş vəziyyətdədir” – MÜSAHİBƏbackend

"Cəmiyyət artıq televiziyalardan imtina etmiş vəziyyətdədir" - MÜSAHİBƏ

Bu gün Azərbaycanda və şərqdə ilk televiziyanın yaranma günüdür. Azərbaycanda televiziyanın yaranmasından 66 il ötür. Belə ki, SSRİ-də Bakı televiziya studiyası 14 fevral 1956-cı ildə fəaliyyətə başlayıb. Bəs 66 il ərzində Azərbaycan televiziyaları hansı fəaliyyət yolu keçib? Ümumiyyətlə televiziyaların bugünkü vəziyyəti hansı səviyyədədir?

KONKRET.az-ın bu və digər məsələlərlə bağlı ünvanladığı sualları tanınmış media eksperti, hüquqşünas Ələsgər Məmmədli cavablandırıb:

– Televiziyaların keçdiyi inkişaf dövrünü və hazırkı fəaliyyətini necə dəyərləndirirsiniz?

– Televiziya özlüyündə insanlıq tarixində çox fərqli bir sistemə və eraya keçid. İnformasiyanın görüntülü, siqnallar vasitəsilə ötürülməsi texnologiyanın tətbiqi ilə mümkün olub. 1956-cı ildə biz Sovet İttifaqının tərkibində olduğumuz üçün digər respublikalarla paralel olaraq Azərbaycanda da televiziya yaranıb. Bu gün özəl televiziya məkanı demək olar ki, müstəqil televiziya anlayışından uzaqdır. Bura AzTV və İctimai TV kimi dövlət televiziyaları da daxildir.

– Televiziyalarda yayımlanan verilişləri cəmiyyət üçün nə qədər əhəmiyyətli hesab etmək olar?  Bu gün nə qədər bayağı və insanların şüuruna, psixologiyasına mənfi təsir edən verilişlər var. Bununla bağlı nə deyə bilərsiniz?

– Təəssüf ki, televiziyalarda yayımlanan verilişlər cəmiyyətin ümumi səviyyəsini yüksəltməyə yox, hətta endirməyə xidmət edirlər. Bu da düşünmə qabiliyyətinin olmaması ilə bağlıdır. Bizdə cəmiyyətin daha çox düşünməsini yox, sadəcə bayağı formada əylənməsini istəyirlər. Ona görə televiziyaların yayım siyasəti mahiyyət etibarı ilə cəmiyyətə heç nə vermir. Ona görə də cəmiyyət artıq televiziyalardan imtina etmiş vəziyyətdədir. Bu gün facebook sosial şəbəkəsində bir insan status yazıb gündəm ola bilir. Amma televiziyalar gündəm yaratmağı bacarmırlar. Çünki televiziyalar cəmiyyətin gündəmindən uzaqdır.

– Bəs kadr və peşəkarlıq məsələləri hansı vəziyyətdədir?

– Balıq su istəyən kimi peşəkar insanlara da dərya lazımdır. Biz əgər akvariuma gətirib böyük balinanı qoysaq, orada onları yaşada bilmərik. İndiki televiziyalar peşəkarlar üçün akvarium rolunu oynayır. Yalnız onlara verilən kiçik su səviyyəsində yaşayırlar. Halbuki onlar böyük okeanlara və dənizlərə açılacaq səviyyədə olmalıdırlar. Ona görə də Azərbaycanda peşəkar televiziyaçılıq yoxdur. Sərbəstlik olmayan yerdə peşəkarlıq mümkün deyil.

– Sosial şəbəkələr, internet resursları televiziyaları kölgədə qoyurmu?

– Azərbaycan auditoriyası üçün bu, çoxdan belədir. Reallıq ondan ibarətdir ki, sosial şəbəkələr daha plüralistdir. Sosial şəbəkələr də özbaşına peşəkar deyil. Amma ən azından rəqabətdə televiziyalar sosial şəbəkəyə uduzur. Bunun səbəbi isə sosial şəbəkələrin daha azad olmasıdır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*