Təkcə Azərbaycanda deyil, dünya üzrə Çin maşınlarına maraq getdikcə azalır. Ucuzluq və lüks görüntü axtarışında olan alıcılar indi daha seçici olublar. Ümumiyyətlə Avropa bazarında Çin markalarının payı 2026-nın əvvəlində azalmağa başlayıb. Çin maşınlarının getdikcə qiymətinin artımı, bundan başqa keyfiyyət və etibarlılıq baxımından sınaqdan çətinliklə çıxması tələbatı aşağı düşürüb. Yerini isə yapon maşınlarına verir.
KONKRET.az “Bizim.Media”ya istinadla xəbər verir ki, ekspertlər Yaponiyanın 3 ən etibarlı markasının – “Toyota”, “Mazda”, “Nissan”ın bazarları ələ aldığını bildirir.
Bəs niyə yapon maşınları alıcılara cazibəli gəlməyə başladı?
Yapon istehsalçıları daxili yanma mühərrikləri və hibrid texnologiyada (məsələn, “Toyota”nın hibridləri) çox təcrübəlidir. Bu da yanacaq sərfiyyatı və etibarlılığa təsir edir. Çin maşınlarının bəzi markaları, xüsusilə də BYD, “Geely”, “Chery” son illərdə çox marağa səbəb olsa da, bəzi modellərdə keyfiyyətinin sabit olmaması, hətta zavodlarının müəyyən dövr modelləri geri çağırması alıcıda tərəddüd yaratdı. Ona görə də bir çox sürücü özünü sübut etmiş markalara, əsasən də yapon keyfiyyətinə geri dönməyə üstünlük verdi.
