“Dünya Çinin Aydakı fəaliyyətindən çox narahat olmalıdır”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu NASA rəhbəri Bill Nelson Almaniyanın Bild qəzetinə açıqlamasında deyib.
Nelson çinli astronavtların digər ölkələrin peyklərini necə məhv etməyi öyrəndiklərini və xüsusilə Ayın cənub qütbü üçün rəqabət apardıqlarını iddia edib.
O, həmçinin bildirib ki, 2035-ci ilə qədər Pekin özünün Ay stansiyasının tikintisini başa çatdıracaq və bir ildən sonra təcrübələrə başlayacaq.
Digər tərəfdən Çin Vaşinqtonu kosmosu “döyüş meydanına” çevirmək cəhdində ittiham edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician bildirib ki, NASA rəhbərinin faktlara məhəl qoymaması və Çin haqqında məsuliyyətsiz danışması ilk hal deyil:
“ABŞ tərəfi Çinin normal kosmik tədqiqatlarına qarşı davamlı qarayaxma kampaniyası həyata keçirir. Çin bu cür məsuliyyətsiz bəyanatları qəti şəkildə rədd edir”.
O bildirib ki, Çin həmişə silahlanmaya qarşı olub və kosmosda bəşəriyyətin ortaq gələcəyini dəstəkləyir.
İqbal Rzayev,
KONKRET.az
