Müasir Çinin mənzərəsini gözünüz önünə gətirin: Şençjen səmasında sürətlə hərəkət edən çatdırılma dronları, kriptovalyuta hesablamaları aparan superkompüterlər, süni intellektlə işləyən kameralar… Bu kameralar piyadanın qırmızı işıqda yolu keçdiyini hələ onun ayağı asfalta dəyməmiş müəyyən edə bilir.
İndi isə təsəvvürünüzü min kilometr şimala, Şansi əyalətinin ucqar mədənçi kəndlərinə yönəldin.
Gecədir. Kimsəsiz kənd qəbiristanlığında yaşlı valideynlər fənərlərin işığında təzəcə dəfn etdikləri iyirmi yaşlı qızlarının məzarını betonla möhkəmləndirirlər. Üç metrə yaxın beton təbəqə tökür, üzərinə armatur tor çəkir, hətta hərəkət sensorlu mühafizə sistemi quraşdırırlar.
Bu, hansısa qorxu filminin səhnəsi deyil. Onlar qızlarının cəsədini qəbiristanlıq oğrularından qorumağa çalışırlar. Çünki məzar mühafizə olunmasa, səhərə qədər cəsədin qazılıb çıxarılması, yuyulması, qırmızı gəlinlik geyindirilməsi və başqa ailəyə satılması təhlükəsi var. Belə bir “gəlin”in qiyməti isə on minlərlə dollar ola bilər.
XXI əsrin texnoloji möcüzələr ölkəsi olan Çinə xoş gəlmisiniz! Burada qədim “ruh nikahı” ənənəsi – “Minghun” zaman keçdikcə gizli və gəlirli cinayət biznesinə çevrilib.
O BİR DÜNYANIN MÜHASİBATI: Ölən kişi niyə tək qala bilməz?
Qərb mədəniyyətində dəfn mərasimi, adətən, insanın həyatının son nöqtəsi hesab olunur: göz yaşları, tabut, qəbir və vida…
Ənənəvi Çin inanclarında isə dəfn bəzən daha böyük bir ritual prosesin başlanğıcıdır.
Çin xalq inanclarında əcdadlara ehtiram və onların ruhları ilə əlaqə mühüm yer tutur. Bu dünyagörüşünə əsasən, insanlar vəfat etmiş yaxınlarına qurbanlar, yeməklər və ritual hədiyyələr təqdim edir, əvəzində isə onların ruhlarından ailəyə sağlamlıq, uğur, bərəkət və qorunma gətirməsini gözləyirlər.
Bu münasibət bir növ qarşılıqlı mənəvi öhdəlik kimi qəbul edilir.
Lakin ənənəvi inanclarda subay və övladsız ölən kişilərlə bağlı xüsusi problem mövcuddur.
Əgər kişi evlənmədən dünyasını dəyişibsə, onun ruhunun o biri dünyada tənha qalacağına, ailə nəslinin davamında özünə yer tapa bilməyəcəyinə inanılır. Bəzi ənənələrdə belə ruhların “ac ruhlar”a çevrilərək yaxınlarına bədbəxtlik gətirə biləcəyi düşünülür.
Ailənin bu qorxudan xilas olmaq üçün tapdığı çıxış yolu isə qeyri-adidir: mərhum oğula o biri dünyada həyat yoldaşı tapmaq!
Əgər sağlığında evlənmək mümkün olmayıbsa, nikah mərasimi ölümdən sonra təşkil edilir. Bunun üçün qadın cəsədi tapılır, ritual keçirilir və hər iki mərhum bir məzarda dəfn olunur. Beləliklə, ailə inanır ki, oğlunun ruhu artıq tənha qalmayacaq və ailənin mənəvi tarazlığı bərpa olunacaq.
Bu mərasim “ruh nikahı” və ya “Minghun” adlanır.
BAZAR TƏLƏBİ FORMALAŞDIRDI: “Köhnə” və “təzə” gəlinlər
Əsrlər boyu bu ənənə əsasən kənd yerlərində, məhdud miqyasda mövcud olub. Bəzi ailələr real insan qalıqları əvəzinə kağızdan hazırlanmış fiqurlardan, taxta kuklalardan və ya xəmirdən düzəldilmiş simvolik gəlinlərdən istifadə edirdilər.
Lakin 2000-ci illərin əvvəllərində vəziyyət dəyişməyə başladı. İki mühüm amil bu qədim ritualın ətrafında qara bazarın formalaşmasına şərait yaratdı: qadınların sayının azalması və bəzi bölgələrdə sürətlə artan gəlirlər.
Çinin Şansi və Şensi əyalətlərində kömür sənayesinin inkişafı nəticəsində ucqar kəndlərə böyük pullar axmağa başladı. Mədənlərdə işləmək təhlükəli idi və qəzalarda çoxlu sayda gənc həyatını itirirdi.
Ailənin yeganə oğlunu itirməsi ağır faciə olsa da, bəzi hallarda mədən şirkətlərindən alınan yüksək kompensasiyalar həmin ailələrin maddi vəziyyətini dəyişirdi.
Bəs oğlunu itirmiş, lakin müəyyən qədər varlanmış valideynlər nə edirdilər? Bəziləri qədim inancların təsiri altında mərhum övladlarına ölü gəlin axtarmağa başlayırdılar.
Beləliklə, tələb artdıqca təklif də formalaşdı. Qanunsuz vasitəçilər və qəbiristanlıq oğruları bu ritualı gəlirli biznesə çevirdilər.
Qara bazarda qadın cəsədləri və insan qalıqları şərti olaraq iki kateqoriyaya bölünürdü:
“Köhnə mal” – skeletlər və sümüklər.
Bu, nisbətən ucuz variant hesab olunurdu. Qiymətlər bir neçə min dollar civarında dəyişirdi. Belə qalıqlar əsasən köhnə və unudulmuş məzarlıqlardan qanunsuz şəkildə çıxarılırdı.
“Təzə mal” – yaxın zamanda vəfat etmiş qadınların cəsədləri.
Ən bahalı kateqoriya məhz bu idi. Xüsusilə gənc qadınların cəsədlərinə daha yüksək qiymət qoyulurdu. Bəzi məlumatlarda belə “gəlinlər”in qiymətinin 25 min dollara qədər yüksəldiyi bildirilir.
Başqa sözlə, qədim dini-mifoloji ritual ətrafında insan qalıqlarının alınıb-satıldığı cinayət bazarı yaranmışdı.

QAZMAĞA ƏRİNƏNDƏ: QƏBİRDƏN ÇIXARILAN CƏSƏDLƏR, YOXSA YENİ QURBANLAR?
Asan qazanc və böyük tələbat olan yerdə cinayətkarların meydana çıxması təəccüblü deyil.
Əvvəlcə bəzi dəstələr kənd qəbiristanlıqlarını talan etməklə məşğul olurdular. Lakin ailələrin məzarları betonla möhkəmləndirməsi və mühafizə tədbirləri görməsi bu işin çətinliyini artırdı.
Bundan sonra cinayətkarlar daha dəhşətli yola əl atmağa başladılar: cəsəd axtarmaq əvəzinə yeni qurbanlar tapmaq!
Mətbuatda yer alan məlumatlara görə, 2016-cı ildə Ma Çunxuan adlı şəxs belə bir cinayət işi üzrə saxlanılıb. O, psixi pozuntusu olan qadınları hədəf seçir, ailələrinə qızları üçün evlilik təşkil edəcəyini vəd edir, onları başqa əyalətə aparır və öldürücü dozada sakitləşdirici preparatlar verərək həyatlarına son qoyurdu.
Daha sonra qadınların cəsədləri sifarişçilərə “xəstəlikdən yeni vəfat etmiş gəlinlər” adı ilə satılırdı. Bildirilirdi ki, bir cəsədin qiyməti 40 min yuana çatırdı.
Bu cinayət işi “ruh nikahı” adı altında gizlədilən vəhşiliyin hansı həddə çata biləcəyini göstərirdi.
2021-ci ildə Ma Çunxuanın edam edildiyi barədə məlumatlar yayıldı. Lakin bu hadisə problemin aradan qalxdığını göstərmirdi.
İNTERNET ULDUZUNUN KÜLÜ DƏ QARA BAZARIN HƏDƏFİNƏ ÇEVRİLDİ
Bəlkə də düşünürsünüz ki, bütün bunlar yalnız ucqar kəndlərdə yaşayan, müasir dünyadan xəbərsiz insanların başına gəlir. Ancaq 2021-ci ilin oktyabrında baş verən hadisə bu təsəvvürü alt-üst etdi.
Milyonlarla izləyicisi olan çinli moda bloqeri canlı yayım zamanı depressiya keçirdiyini və sosial şəbəkələrdə təhqirlərə məruz qaldığını bildirərək pestisid içmişdi. Onun həyatını xilas etmək mümkün olmadı və cəsədi kremasiya edildi.
Lakin faciə bununla bitmədi.
Şandun əyalətindəki krematoriumun əməkdaşlarından biri gənc qadının külünün saxlandığı qabı oğurladı. İddialara görə, o, iki əlbir şəxslə birlikdə mərhumun külünü 70 min yuana – təxminən 11 min dollara satmaq istəyən alıcı tapmışdı.
Məqsəd isə yenə həmin qədim ritual idi: qadının külü vəfat etmiş bir kişinin qalıqları ilə birlikdə dəfn edilməli, onun üçün ruh nikahı təşkil olunmalı idi.
Beləliklə, müasir dövrün internet ulduzunun külü belə qara bazarın predmetinə çevrilmişdi. Hadisə ilə bağlı məlumatın üzə çıxması nəticəsində bu qanunsuz sövdələşmənin qarşısı alındı.
BÖYÜK ÇİN PARADOKSU: BİR TƏRƏFDƏ SÜNİ İNTELLEKT, DİGƏR TƏRƏFDƏ QƏDİM XURAFAT
Çin hakimiyyəti uzun illərdir ki, “Minghun” ənənəsi ilə mübarizə aparır. Qəbirlərin təhqir edilməsi, cəsədlərin oğurlanması və insan qalıqlarının alqı-satqısı qanunla cəzalandırılır. Əgər bu cinayətlər qətllə müşayiət olunursa, cinayətkarları son dərəcə ağır cəzalar gözləyir.
Pekin elmi ateizmi, rəqəmsal iqtisadiyyatı, süni intellekti və müasir texnologiyaları inkişaf etdirir. Çin dünyanın ən qabaqcıl texnoloji dövlətlərindən birinə çevrilib.
Ancaq ölkənin daxilində tamamilə fərqli bir mənzərə də mövcuddur.
Çini yalnız texnoloji inkişaf və iqtisadi qüdrət prizmasından qiymətləndirmək düzgün olmazdı. Bu ölkə həm də minilliklərə söykənən ənənələrin, inancların və sosial ziddiyyətlərin yaşadığı nəhəng bir sivilizasiyadır.
Bir tərəfdə Şanxayın və Şençjenin göydələnlərində oturan, dünyanın aparıcı universitetlərində təhsil almış İT mütəxəssisləri var. Digər tərəfdə isə ucqar kəndlərdə yaşayan və ölmüş oğullarının ruhunu sakitləşdirmək üçün başqasının məzarından çıxarılmış insan qalıqlarına külli miqdarda pul ödəməyə hazır olan ailələr…
Burada texnoloji inkişafla qədim inanclar yanaşı mövcuddur. Birinin gündəlik həyatı süni intellekt və rəqəmsal sistemlərlə idarə olunur, digərinin dünyagörüşünü isə minilliklərdən gələn inanclar müəyyənləşdirir.
Ən dəhşətlisi isə budur ki, belə inancların mövcudluğu bəzən qadınların həyatını, hətta ölümdən sonrakı rahatlığını da təhlükə altına qoyur.
Çünki mərhum oğula o biri dünyada həyat yoldaşı tapmaq istəyənlər olduqca, bu tələbatdan pul qazanmağa çalışan cinayətkarlar da tapılacaq.
Və belə bir bazarda qadının nə həyatı, nə də ölümü onun özünə məxsus olur.
Müəllif: Varner Nell
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az
