Psixoloji terror proqramı: İnsanları dəliliyin astanasına necə gətirirdilər?backend

Psixoloji terror proqramı: İnsanları dəliliyin astanasına necə gətirirdilər?

2011-ci ildə Britaniyanın “The Guardian” nəşri Şərqi Almaniyanın Dövlət Təhlükəsizlik Xidmətinin – Ştazinin məşhur “Zersetzung” (parçalanma, psixoloji dağıtma) proqramının Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən də mənimsənildiyi barədə yazırdı.

“Zersetzung” 1970–1980-ci illərdə Şərqi Almaniyada dissidentlərə, rejim əleyhdarlarına və hakimiyyət üçün arzuolunmaz hesab edilən şəxslərə qarşı tətbiq olunan xüsusi psixoloji təzyiq metodu idi. Onun əsas məqsədi insanı fiziki zorakılığa məruz qoymadan, psixoloji cəhətdən sarsıtmaq, özünə və ətrafındakılara inamını itirmək, sosial əlaqələrini dağıtmaq və nəticədə onu cəmiyyət qarşısında təcrid etmək idi.

Bu metodun ən qorxunc tərəfi onun görünməz xarakter daşıması idi. Qurbanlar çox vaxt başlarına gələnlərin arxasında xüsusi xidmət orqanlarının dayandığını heç təsəvvür etmirdilər. Onlar baş verənləri təsadüf, anlaşılmazlıq, yaxud öz psixoloji vəziyyətləri ilə əlaqələndirirdilər.

Ştazi əməkdaşları insanın şəxsi həyatına müdaxilə edərək onun gündəlik reallıq hissini sarsıtmağa çalışırdılar. Məsələn, ev sahibi mənzildə olmadığı vaxt divardakı şəklin yeri dəyişdirilir, mebellər başqa cür düzülür, zəngli saatın vaxtı dəyişdirilir, çayın bir növü digəri ilə əvəz olunurdu. Bəzən mənzilə naməlum şəxslərdən qəribə telefon zəngləri edilir, qurbanın ailə üzvlərinə təhqiramiz və ya seksual xarakterli əşyalar göndərilirdi.

Hətta bəzi hallarda qurbanın həyat yoldaşına vibrator göndərilməsi kimi alçaldıcı üsullardan da istifadə olunurdu.

Bütün bunların məqsədi insanı daim şübhə içində saxlamaq idi: Mənzildə kimsə olub? Kimsə məni izləyir? Əşyalarımı niyə dəyişiblər? Yoxsa bütün bunlar mənim təxəyyülümdür? Bəlkə, həqiqətən də ağlımı itirirəm?

Təzyiq bununla da bitmirdi. Qurbanların yeməyinə və gündəlik istifadə etdiyi məhsullara müxtəlif maddələrin qatılması, onların səhhətində səbəbi aydın olmayan narahatlıqlar yaratmaq cəhdləri barədə də məlumatlar var. Bu üsullarla dəridə səpgilər, qıcıqlanma, allergiyaya bənzər əlamətlər, həzm və sidik-cinsiyyət sistemi ilə bağlı problemlər yaratmağa çalışırdılar.

Bəzən xüsusi xidmət əməkdaşları qurbanın avtomobilinə müdaxilə edir, sonra onu əvvəlki yerindən cüzi fərqlə park edirdilər. Avtomobilin sahibi geri qayıdanda maşının bir qədər başqa vəziyyətdə dayandığını görürdü. Bu, kənardan əhəmiyyətsiz detal təsiri bağışlasa da, məqsəd insanın daim izlənildiyi və şəxsi məkanının toxunulmaz olmadığı hissini yaratmaq idi.

Psixoloji parçalanmanın əsas mexanizmləri

“Zersetzung” proqramı yalnız gündəlik həyatın xırda detallarına müdaxilədən ibarət deyildi. Ştazinin istifadə etdiyi metodlar insanın sosial mövqeyini, nüfuzunu və psixoloji dayanıqlığını sistemli şəkildə dağıtmağa hesablanmışdı.

Bu çərçivədə tətbiq edilən əsas üsullar aşağıdakılar idi:

– Nüfuzdan salma: Şəxs haqqında yanlış, lakin inandırıcı məlumatların və şayiələrin sistemli şəkildə yayılması, onun cəmiyyətdəki nüfuzunun zədələnməsi.
– Süni uğursuzluqlar yaratmaq: İş və sosial həyatda məqsədli maneələr törətməklə insanın özünəinamını sarsıtmaq, onu bacarıqsız və uğursuz olduğuna inandırmaq.
– İdeoloji və mənəvi dayaqları sarsıtmaq: Şəxsin inandığı ideallara, nümunə götürdüyü insanlara və öz baxışlarının doğruluğuna şübhə yaratmaq.
– Kollektiv daxilində qarşıdurma yaratmaq: Qruplarda və təşkilatlarda ayrı-ayrı üzvlərin zəif cəhətlərindən istifadə edərək inamsızlıq, qarşılıqlı şübhə və rəqabət mühiti formalaşdırmaq.

Nəticədə insan tədricən dostlarından, həmkarlarından və yaxınlarından uzaqlaşır, öz qərarlarına şübhə etməyə başlayır, cəmiyyət qarşısında təcrid olunur. Bəzi qurbanlar baş verənlərin səbəbini anlaya bilmədikləri üçün ciddi psixoloji sarsıntılar keçirir, hətta intihara əl atırdılar.

“Zersetzung”in əsas mahiyyəti də məhz bundan ibarət idi: insanı həbs etmədən, fiziki işgəncə vermədən, onun daxilindəki inamı, təhlükəsizlik hissini və sosial dayaqlarını məhv etmək.

Bu proqram totalitar rejimlərin insan üzərində nə qədər incə və amansız nəzarət mexanizmləri qura bildiyini göstərən tarixi nümunələrdən biridir.

Ən qorxulusu isə budur ki, belə bir terrorun qurbanı bəzən ona qarşı mübarizə aparıldığını belə anlamırdı. O, sadəcə öz həyatının getdikcə idarəolunmaz hala düşdüyünü görür, baş verənlərin səbəbini isə heç cür müəyyənləşdirə bilmirdi.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*