Moskva ətrafında yerləşən “Crocus City Hall” kompleksində törədilmiş terror aktının görüntüləri dəhşət saçır. Bu kadrlar amerikalı aktyor Brüs Uillsin baş rolu canlandırdığı məşhur “Die Hard” filmindən qat-qat qorxunc və qandondurucudur.
Biz bu dəhşətdən keçmişik. O miqyasca olmasa da, mahiyyət etibarı ilə 2009-cu ilin 30 aprel tarixində Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş qanlı terror aktını xatırladır. Bir müddət Rusiyada yaşamış Gürcüstan vətəndaşı, Marneulinin 29 yaşlı sakini Fərda Əsəd oğlu Qədirov səhər Neft Akademiyasının binasına daxil olaraq 12 nəfəri qətlə yetirdi, 13 nəfəri yaraladı. Xüsusi təyinatlıların əlinə keçəcəyini görən qatilin özünü güllələdiyi bildirildi. Bu qətlamın arxasında Ermənistan xüsusi xidmət orqanlarının və Rusiyanın maraqlı çevrələrinin dayandığı şəksizdi.
Əlbəttə, son 35 ildə Rusiyanın hərbi müttəfiqi olan Ermənistanın xüsusi xidmət orqanları tərəfindən müxtəlif miqyaslı amansız terror aktlarına və hərbi cinayətlərə məruz qalmış xalq kimi biz heç bir ölkədə, o cümlədən Rusiyada da dinc insanların qətlinə səbəb olmuş terror aktlarına sevinə bilmərik. Özü də söhbət Rusiyanın və Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni sahələrinə misilsiz töhfələr vermiş Araz və Emin Ağalarovların sahib olduqları məkandan gedirsə.
Hazırda dünya mediası və ekspertlər bu faciənin arxasında kimlərin dayandığı üzərində baş sındırırlar. Hər kəsi bir sual maraqlandırır: Azərbaycan əsilli rusiyalı sahibkar Araz Ağalarovun yüksək təhlükəsizlik standartlarına cavab verən nəhəng kompleksində amansız teraktı necə törətmək olardı?
Vaxtilə bu nəhəng kompleksdə çalışanların hamısının açıqlamalarından bəlli olur ki, Araz Ağalarov “Crocus City Hall”ın xəbərdarlıq və yanğınsöndürmə sistemlərinin yüksək səviyyədə qurulmasına nail olub. Araz və Emin Ağalarovların öz işlərinə böyük məhəbbətlə, məsuliyyətlə və zövqlə yanaşdıqları heç kimdə şübhə doğurmur.
Bu kompleksin “Crocus Profi” Özəl Mühafizə Müəssisəsi (ÇOP – çastnoye oxrannoye predpriyatiye) və Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) silahlı “Çevik reaksiya qrupu” tərəfindən qorunduğu hər kəsə bəlli idi.
Maraqlıdır ki, martın 22-də axşam “Regnum” agentliyinə istinadən “Dojd” telekanalı “Krokus”un ərazisində “Rosqvardiya”nın silahlı çevik reaksiya qrupunun yerləşdirildiyinə diqqəti çəkib. Lakin bu məlumatı hüquq-mühafizə orqanları ilə əlaqəsi olan Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn təkzib edib. O bildirib: “Rusiya Qvardiyasının “Oxrana” Federal Dövlət Unitar Müəssisəsinin “Crocus City Hall”ın təhlükəsizliyi ilə heç bir əlaqəsi yoxdur və heç vaxt da olmayıb”.
Bundan sonra “Reqnum” agentliyi “Rosqvardiya” sözünü məlumatdan yığışdırıb. Agentliyin Teleqram-kanalında “Crocus Profi” özəl mühafizə şirkətinin keçmiş əməkdaşının aşağıdakı sözləri belə verilib: “Crocus”un mühafizəsində odlu silahlar nəzərdə tutulmayıb. Onlara yalnız dəyənəklər və elektoşokerlər icazə verilir. Lakin ərazidə həm də “Crocus Profi” özəl mühafizə şirkətinə məxsus “çevik reaksiya qrupu” bölməsi də var. Onların odlu silahları var. Bu qrupun niyə işə qarışmadığını bilmirəm”.
Yeri gəlmişkən, “Crocus City Hall”ın sahibi Araz Ağalarov konsert zalında baş verən terror aktına ilk dəfə münasibət bildirib. O, “RBC” telekanalına açıqlamasında hadisəni “qorxunc faciə” və ümumbəşəri dəyərlər baxımından “izaholunmaz hadisə” adlandırıb. Araz Ağalarov deyib ki, yalnız dubinka və elektroşokerə malik olan mühafizə avtomatlı terrorçulara qarşı heç bir müqavimət göstərə bilməzdi.
“Avtomatları qabağa verərək gördükləri hər şeyə atəş açmağa başlayıblar. Bütün insanlara, mühafizəçilərə. Bir mühafizəçi öldürülüb, ikincisi yaralanıb. Onlar heç mühafizəçi də deyil. Bizdə onlar nəzarətçi adlanırlar”, – deyə Araz Ağalarov bildirib.
Hazırda xaricdə yaşayan Gennadi Qudkov hesab edir ki, terror aktının xarakteri ilə bağlı ciddi şübhələr yaradan çoxlu sayda uyğunsuzluqlar var. “Mən “Crocus City”ni yaxşı tanıyıram. Orada dəfələrlə olmuşam. Orada hər şey peşəkarcasına qurulub. Normal yanğınsöndürmə, xəbərdarlıq sistemləri vardı. Bu o deməkdir ki, cinayətkarların himayədarları, xəbərçiləri, ciddi resursları vardı. Onlar nəinki bütün təhlükəsizlik sistemini bilirdilər, həm də onu söndürə bilərdilər. Mən, sadəcə, əminəm ki, xəbərdarlıq və yanğınsöndürmə sistemini söndürüblər. Və bütün təhlükəsizlik məsələlərini öyrəniblər. Yəni bu, ciddi, aylarla davam edən hazırlıq prosesi olub”, – deyə siyasətçi Ukrayna mediasına müsahibəsində bildirib.
Gennadi Qudkov hesab edir ki, bu amansız qətliamı Rusiyanın hökumətyönlü strukturu hazırlayıb. “İnsanlar psixoloji olaraq digər adamları öldürə bilməzlər. Bunun üçün uzunmüddətli vərdiş, məşq və tam soyuqqanlılıq tələb edilir. Belə qətlamı yalnız killerlər və strukturlar törədə bilir. Ya ordu, ya da xüsusi təyinatlılar bunu həyata keçirir. Və “Crocus City Hall”da ətçəkən maşın və sallaqxana vardı. Bəzi muzdlu taciklərin belə döyüş təcrübəsi olması gülüncdür. Bu, ən qorxunc, mənasız və qəribə teraktdır. Terrorçular tələblərini irəli sürmür, heç bir irad bildirmir, sadəcə insanları öldürürlər”.
O, terrorçuların sınıq-salxalq maşında Ukraynaya qaçmaq versiyasının da inandırıcı olmadığını söyləyib və bunu İspaniyada ris pilotunu qətlə yetirənlərin neçə maşın dəyişmələri və bütün avtomobilləri yandırmaları ilə müqayisə edib.
“Qordonun qonağı” proqramına müsahibəsində Çeçenistanın ilk prezidenti Cövhər Dudayevin nümayəndəsi, prezident Aslan Məshədovun mühüm işlər üzrə köməkçisi, baş nazirin müavini olmuş Ruslan Kutayev hesab edir ki, bu teraktın arxasında Rusiya Federal Təhlükəsizlik Xidməti dayanır.
Onun sözlərinə görə, ABŞ kəşfiyyatının martın 7-dən Rusiya tərəfini terror aktı olacağı və bu terrorun “İslam Dövləti”nin “Xorasan vilayəti” şöbəsi tərəfindən hazırlandığını bildirməsi, ABŞ, Britaniya və Almaniya kəşfiyyatlarının Moskvadakı səfirlikləri vasitəsilə öz vətəndaşlarını Rusiyanı təcili tərk etməyə və ya kütləvi tədbirlərə getməməyə çağırışı Moskvanın heç bir sübut olmadan işarə etdiyi Ukrayna versiyasını alt-üst edir.
“Mən dəfələrlə videokadrları izlədim. Teraktı hazırlıqlı killerlər həyata keçirib. Onlar geriyə baxmırlar, yəni arxaları qorunur. Sanki poliqonda məşq edirlər. Bu adamlar təsadüfən “Crocus”a düşməyiblər. Bu cinayət neçə dəfə işlənib hazırlanıb və ideoloji səbəblərdən bəzi çaşqın islamçıların davranışına da bənzəmir. Orada xüsusi təyinatlıların dəqiq hərbi hazırlıq məktəbini görə bilərsiniz. Bu, dərindən düşünülmüş əməliyyat idi. “Crocus City” gün ərzində elə təmizlənmişdi ki, əməliyyata müdaxilə edə biləcək təsadüfi insanlar yox idi”.
Onun fikrincə, Kreml bu dəhşətli hadisəni milyon rusiyalının səfərbərliyinə nail olmaq və artmaqda olan müsəlman miqrantların Rusiyadan təmizlənməsi məqsədilə həyata keçirib. “İndi Rusiya-Ukrayna müharibəsini müqəddəs müharibəyə çevirmək üçün “Crocus”da terror aktı törətdilər”.
Ruslan Kutayev xatırladıb ki, vaxtilə çeçenlər Rusiyada tutduqları məkanlarda insanları girov götürür, amma onları öldürmürdülər və siyasi tələblərini irəli sürürdülər. “Budenovskda, “Nord-Ost”da, Beslanda çeçenlər girovları öldürmədilər. “Crocus”da amansız qətliamı törədənlər insanları girov götürməyə çalışmayıblar və heç bir siyasi tələb irəli sürməyiblər. “Crocus”da onların qarşılarına çıxanları öldürürməsi rus xüsusi təyinatlılarının Çeçenistan kəndlərində törətdikləri cinayətləri xatırladırdı. Rus xüsusi təyinatlıları kəndlərə girərək müqavimətsiz qadınları, uşaqları, qocaları, yəni ən həssas təbəqəni qətlə yetirirdilər. Ukraynada da eyni şəkildə hərəkət edirlər”.
Və bu məqamda Cövhər Dudayevin və Aslan Məshədovun silahdaşı maraqlı məqama toxunub. Sən demə, 2002-ci ilin oktyabrında çeçen mücahidləri Dubrovkadakı “Nord-Ost” teatrını deyil, Rusiya Dövlət Dumasını tutmaq məqsədilə Moskvaya gediblərmiş. Onları bu işə cəlb edən isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin polkovniki imiş.
“Çeçenistan dövləti uğrunda ölməyə gedən çeçenlərin şərti Rusiya Dövlət Dumasını tutmaqdı. Bu adamlar Çeçenistanda rus qoşunlarının cinayətlərinə etiraz edirdilər. Onları Moskvaya aparıb sonadək dedilər ki, Dövlət Dumasını ələ keçirəcəklər. Sonra isə bildiriblər ki, duma alınmır və onları teatra gətiriblər. Berkibayev deyib ki, onlarla FSB polkovniki işləyirmiş. Bu barədə o, jurnalist Anna Politkovskayaya, Dövlət Dumasının keçmiş spikeri Ruslan Xasbulatova və Aslanbek Aslanova məlumat verib. Aslanbek Aslanov hələ də sağdır. Həmin polkovnik demişdi ki, FTX-nin Çeçenistanda müharibəni dayandırması üçün belə əfsanə və səbəbi lazımdır. Putinin ətrafında və hakimiyyətdə bu müharibəni istəməyən insanlar var. Bizə bu əsası verin. Həmin çeçenlər də dedilər ki, biz ölməyə hazırıq, gəlib bunu edəcəyik. Yəni qrupun detallardan xəbəri yoxdu. Amma lap əvvəldən bu əməliyyatı düşünənlər onları teatra gətirmişdilər”.
O, qeyd edib ki, “Crocus”dakı teraktın məsuliyyətini öz üzərinə götürən “İslam Dövləti” beynəlxalq terrorçu təşkilatının izləri də Rusiyaya aparıb çıxarır. Çünki vaxtilə bu təşkilatı İraq diktatoru Səddam Hüseynin hərbi ətrafı yaradıb. “Onun ətrafındakı generalitet kim idi? Həmin adamlar vaxtilə Rusiyada hərbi təhsil alan şəxslər isi. Bu adamların indiyədək Rusiyanın Müdafiə Nazirliyi və xüsusi xidmət orqanları ilə sıx əlaqələri var. Əgər bu teraktı “İslam Dövləti” həyata keçiribsə, deməli onun sifarişçisi Rusiya Federasiyasıdır. Putinin iki məqsədi var: Ukrayna və Rusiyanın müsəlman əhalisinin sıxışdırılması”.
Digər ekspertlər hesab edirlər ki, Putin hər zaman belə teraktlardan hakimiyyətini gücləndirmək məqsədilə istifadə edir. Bundan başqa, Moskvanın müxtəlif kameralarla dolu olduğunu xatırladan ekspertlər belə şəraitdə hansısa terroristlərin azad şəkildə Moskvada dolaşmasına, “Crocus City Hall”da yarım saat ərzində qətliam və partlayışlar törətdikdən sonra sərbəst şəkildə maşına minib aradan çıxmaqlarına, Rusiya ərazisində 400 kilometlik yolu qət etmələrinə və Ukrayna sərhəsdinə 130 kilometr qalmış yaxalanmalarına şübhə ilə yanaşırlar.
Hələlik isə, döyülmiş və işgəncə verilmiş çılız görkəmli taciklərin istintaqı gedir. Və onların videosunu ilk yayan, onların Ukraynada sığınacaq axtarmaq versiyasının müəllifi də Kremlin sevimli “nyusmeykeri”, erməniəsilli Marqarita Simonyandır.
İndiyədək Qarabağ münaqişəsinin Sumqayıt hadisələrindən sonra başlandığını iddia edən Putinin terror aktını çiddi-cəhdlə Ukraynanın üzərinə atmağa çalışacağı da məlumdur. Kremlin sahibinin dəlilləri vecinə almayacağı da sirr deyil.
İlahi ədalət isə bütün sirləri açandır. “Çrocus City Hall” teraktının sirrinin də əvvəl-axır üzə çıxacağı şəksizdir. Biz əminik ki, bu teraktın arxasından erməni lobbisinin qulaqları görünür…
Allah bütün terror qurbanlarına rəhmət eləsin, ailələrinə səbir versin!
Xatirə SADİQ,
KONKRET.az
