Cümşüd Nuriyev: “Üçüncü Dünya Müharibəsi qaçılmazdır” – MÜSAHİBƏbackend

Cümşüd Nuriyev: “Üçüncü Dünya Müharibəsi qaçılmazdır” - MÜSAHİBƏ

Rusiya Prezidenti Vladimir Putinin xalqa müraciəti ölkədə gərginliyə səbəb olub. Belə ki, Putinin Ukrayna ilə müharibənin gedişini dəyişmək üçün qismən səfərbərlik elan etməsinə və qarşı tərəfi nüvə silahı ilə hədələməsinə vətəndaşlar ümumxalq mitinqi təşkil etməklə cavab verib. Bu isə ölkədə ciddi xaosa səbəb olub və daxili çaxnaşmaya gətirib çıxarıb.

Maraqlıdır, Şimal qonşumuzda nə baş verir və gedişat nə vəd edir?

İstiqlalçı millət vəkili, siyasi elmlər doktoru Cümşüd Nuriyev mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandırıb:

 

– Putinin ölkədə qismən səfərbərlik elan etməsi hüquqi baxımdan doğru deyil. Çünki Putin Ukraynada müharibə adıyla yox, xüsusi əməliyyat adıyla müharibəyə başlayıb. Bu baxımdan, bu qərar həm beynəlxalq hüquqa ziddir, həm də Rusiya qanunvericiliyinə. Ona görə də Putin bu səfərbərliyi əsaslandırmalıydı. Çünki ona heç kim səlahiyyət verməyib ki, Ukraynada, hətta faşizm olsa belə, ora müdaxilə eləsin. Amma görünən odur ki, Rusiya imperiya ambisiyalarından əl çəkmək istəmir. NATO ilə olan qarşıdurmadan istifadə edib, yenə də öz gücünü göstərməyə çalışır. Bu isə Rusiya üçün yaxşı heç nə vəd eləmir. Bir sözlə, səfərbərliyin bu şəkildə elan edilməsi Rusiya üçün müsbət effekt verməyəcək.

– Ölkədə qismən səfərbərliyin elan edilməsi rusiyalıların etirazlarına səbəb olub. Ruslar döyüşmək istəmir, ya başqa səbəblər var?

– Rusların səfərbərliyə etiraz etməsi başa düşüləndir. Çünki ruslar döyüşmək istəmirlər. Digər məsələ isə ondan ibarətdir ki, Rusiyanın hərbi elitasını həmişə ukraynlar təşkil edib və indi də elədir. Əbəs yerə deyil ki, müharibənin ilk günlərindən ukrayn kökənli 20-dən çox general Rusiyanın provokasiyalarına görə, ordu sıralarından imtina elədi və Rusiyanı çətin vəziyyətdə qoydu. Rusiyanın tərkibində bu günə qədər döyüşənlər də müsəlmanlar və türkəsilli insanlar idi. Lakin artıq onlar da bu döyüşlərdə iştirak etmək istəmirlər. Ona görə də Putin qismən səfərbərlik elan etməklə bu problemi aradan qaldırmaq istəyir. Əslində, ruslar heç vaxt döyüşkən millət olmayıblar. Həmişə onların ordularında digər xalqlar vuruşublar. Yəni bütün hallarda Rusiyanın taleyini həll edənlər, döyüşlərdə iştirak edənlər digər xalqlar olub.

– Baş verənlərin fonunda Rusiya vətəndaşları ölkəni tərk etməyə başlayıblar. Halbuki analoji hadisə, yəni məcburi köç həmişə Rusiyanın münaqişə ocaqları yaratdığı ölkələrdə baş verib. Bu, taleyin ironiyasıdır, ya rusların qəhrəman xalq, vətənpərvər millət olmadığının sübutu?

– Vətəndaşların ölkəni tərk etməsi ciddi problemdir. Artıq Rusiyada Azərbaycana və Türkiyəyə biletlər ciddi şəkildə bahalaşıb. Gürcüstanla sərhəddə elə bir dəhşətli vəziyyət yaranıb ki, sözlə ifadə etmək mümkün deyil. Hətta görün Rusiya nə günə qalıb ki, Monqolustan kimi bir ölkənin sərhədində artıq böyük tıxac yaranıb.

Bu köç isə Rusiyaya xeyir gətirməyəcək. Rusiyada imkanlı şəxslər var-dövlətlərini ölkədən çıxarmağa başlayıblar. Yəni təki Rusiyada qalmasınlar. Amma bu ölkədə Rusiya vətəndaşları olan azərbaycanlılar da var və onların taleyinin necə olması da sual altındadır. Üstəlik, Ukraynadan da çoxsaylı insanlar Rusiyaya köçmüşdülər, artıq onlar da yenidən Ukraynaya köç etməyə məcbur qalacaqlar. Hər bir halda isə bu, taleyin ironiyasıdır. Çünki Rusiya digər xalqlara yaşatdığını indi özü yaşayır.

– Putin Ukraynanı, dolayısı ilə Qərbi nüvə silahından istifadə etməklə hədələyib. Bu, baş verə bilər?

– Nüvə silahından istifadə etməklə bağlı məsələni artıq Rusiya təhlükəsizlik şurasının sədr müavini Dimitri Medvedev də gündəmə gətirib. Amma başa düşmək lazımdır ki, nüvə müharibəsində qalib olmayacaq. Hər iki tərəf məğlub olacaq və hər iki tərəfə ciddi ziyan dəyə bilər. Gedişat bu şəkildə olsa, Rusiya bir dövlət kimi çökəcək və bunun altından qalxa bilməyəcək. Əslində isə bu hədə həm də acizlik əlamətidir.

Çünki heç kim Rusiyanı nüvə silahıyla hədələməyib. Amma cəhənnəmə gedən özünə yoldaş axtardığı kimi, Rusiya da çalışır ki, bu prosesdə özüylə bərabar başqalarına da problem yaratsın. Bu mənada Putinin nüvə silahından istifadə etmək imkanları çox aşağıdır. Amma bu adamın psixoloji problemləri var. Onun psixoloji sindromu olduğuna görə, ola bilər ki, kiçik nüvə başlıqlarından istifadə eləsin. Bu isə üçüncü dünya müharibəsinə gətirib çıxaracaq. Çünki Rusiyanın çökməsi təkcə ABŞ-ın marağında deyil, bu amil həm də Çinin marağındadır. Çünki Çin də istəyir ki, Rusiya çöksün və onun Uzaq Şərqdə nəzarət etdiyi əraziləri özününkiləşdirsin.

– Mövcud situasiya Rusiyada vətəndaş qarşıdurmasına gətirib çıxara bilər?

– Rusiyada artıq kütləvi mitinqlərə start verilib, çoxsaylı həbslər başlayıb. Ölkənin müxtəlif şəhərlərində mövcud siyasətə qarşı çox ciddi etirazlar var və bu etiraz dalğasının artmaq ehtimalı çox yüksəkdir. Yəni Rusiya bu daxili qarşıdurmayla artıq üzləşib. Bunun məsuliyyəti isə Rusiya rəhbərliyinin və birbaşa Rusiya dövlət başçısının üzərinə düşür.

Müsahibəni aldı: Mərahim Nəsib,

KONKRET.az

  • Zaur
    Sentyabr 23, 2022 - 14:13

    Sən başını başlara qoşmasan yaxşıdır.Özünü guya ki, politoloq hesab edirsən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*