Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Ancelina Colina sevgisinin GİZLİNLƏRİ…backend

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Ancelina Colina sevgisinin GİZLİNLƏRİ...

Surxay Atakişiyev

Bu dəfə yazıma lətifə ilə başlamaq istəyirəm. Çünki bizlər gülməyi çox xoşlayırıq. Dəxli yoxdur hansı vəziyyətdə, hansı statusda olaq. Əsas odur ki, gülməyi və ən çox da özümüzə güldürməyi bacarırıq…

Nə isə keçək lətifəmizə. Deyirlər bir kəndin mollası varmış. Amma bu mollanı bir fikir için-için yeyirmiş. Molla fikirləşirmiş ki, ” ayə, ölüb gedəcəm. Amma heç kim, heç nə ilə məni xatırlamayacaq. Uşaqlarıma da nə fərli bir var-dövlət, nə də ad-san qoya bilməyəcəm”.

Nəhayət molla dərdinə əlac tapır. Gecə yarısı gedib  mollalıq etdiyi məscidə od vurur. Camaat tökülüşüb gəlir, yanğını söndürür. Və təbii ki, mollanı da sorğu-sual edirlər ki, “məscidi niyə yandırdın?” Molla qayıdır ki, “ayə, ölüb gedəcəm, heç olmasa yaddaşlarda məscidi yandıran molla kimi qalım…” Yüz faiz əminəm ki, o molla azərbaycanlı olub. Çünki bu tip novatorluq ancaq bizlərə məxsusdur. İnanmırsınız?! Onda bu günlərdə KİV-lərdə tirajlanan Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılovanın İcmanın qadınları adından Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi  Ancelina Coliyə müraciətini oxuyun.

Görün, bu ziyalı xanımımızın həmin molladan fərqi var, yoxsa yox?! Hörmətli Aybəniz xanım bu müraciəti ilə özünü yaddaşlara yazdırmaq istəyib. Necə deyərlər gündəmə gəlmək istəyib ki, ay həzarat, biləsiniz ki, belə bir qurum var. Və o qurumun da belə bir şöbəsi var. O şöbənin də bu adda bir müdiriyyəsi var.

Amma Aybəniz xanım bir şeyi unudub ki, qeyri-ciddi və düşünülməmiş addımlar hər zaman insanı gülüş obyektinə çevirir. İndisə qayıdaq Aybəniz xanımın müraciətinə və məni narazı salan məqamlara.

Əvvəla, onu deyim ki, müraciətin vaxtı düzgün seçilməyib. Çünki bu gün bütün dünya, o cümlədən Azərbaycan və hətta Ancolina xanım ermənilərdən də təhlükəli bir düşmənlə – COVID-19-la üz-üzə qalıb. Bu gün sivilizasiyanın yeganə dərdi bu pandemiyadan qurtulmaqdır. Ona görə də Aybəniz xanımın müraciətinin  yeri və zamanı deyildi.

İkincisi, BMT-nin Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 daşdan keçən qətnaməsi var. Və o qətnaməni isə heç kim, o cümlədən Ancolina xanımın vətəndaşı olduğu ABŞ dövləti saya salmır. Onda qalmışdı ki, BMT-nin hansısa könüllüsünün sözü.

Necə deyərlər “boş, mənasız sözlər kimə gərəkdir, kim bu sözləri dinləyəcəkdir…” ( Allah ustadlara rəhmət eləsin).

BMT də digər beynəlxalq institutlar kimi super dövlətlərin hər zaman aləti olub, onların marağına xidmət edib. Bu təşkilatlar da imkan düşəndə özlərinin reklamı üçün Ancolina Coli kimi tanınmış adamlardan  bəhrələnməyə çalışıblar. BMT-nin o qədər səfiri, elçisi var ki. Onlardan bir də Ancolina xanımdır.

Deməyim odur ki, bizim problemimizin həlli Ancolina kimi xanımların əlində deyil. Belə olsa idi, heç uzağa getməzdik. Şirvan elatının tanınmış oğulları AST Telmana və Anar Məmmədova deyərdik İvanka Tramp, Monika Belluçi və Ancolina Coli kimi onlarca gözəlçəni bir barmaq işarəsi ilə yığardı hüzurumuza. Amma Vallah Qarabağın açarı belə gözəlçələrin əlində deyil…

Amma Ancolina xanımın da bizlər üçün edə biləcəyi var. Məsələn, siz ona və onun kimi dünya uluzlarına Qarabağ xanımları adından müraciət edə bilərdiniz ki, ermənilər Beynəlxalq Kann kinofestivalında anti-Azərbaycan yönümlü “Cənnətə açılan qapılar” filminin nümayişinə mane olsun.

Və yaxud dədə-baba ocağından didərgin düşmüş Sarabəyim kimi xanımların adından sizin təşkilat mütəmadi olaraq ABŞ konqresinin qadın üzvlərinə, Avropa dövlətlərinin deputat xanımlarına, lap elə Rusiya Federasiyasının xanım deputatlarına müraciətlər edə bilərsiniz. Müraciətlərinizlə onları bezdirməlisiniz. Və nəhayət bu fövqəldövlətlərin hansısa vicdanlı xanım deputatları bizlərin haqq səsinə səs verə bilər.

Bu da olar iş. Yox, siz ancaq Ancolina xanımla “ilişgi” qurmaq istəyirsinizsə, onu Bakıya gətirib kabab, asatrin yedizdirib (təəssüf ki, Ancolina xanım vegeteriandır) onunla bolluca “selfi” çəkdirmək istəyirsinizsə, hə, bu başqa məsələ. Onda Allah işinizə qüvvət versin…

“Düzəlib hər yarağımız, bir qalıb saqqal darağımız”. Onsuz da biz qonaqpərvərlikdə (vətənpərvərlikdə yox, ha) ad çıxarmışıq. Vaxtilə Anar Məmmədov ABŞ konqresmenlərini, Tale Heydərov isə Avropalı parlamentariləri “kuriruvat”edirdi. Bu məqsədlə yüz milyon manatlarla dövlət vəsaiti havaya sovruldu. Ən dadlı tikəmizi ağzımızdan çıxarıb anarların, talelərin əliylə xaricilərə yedizdirdik. Amma neyləyək ki, çörəyimizin duzu yoxdur. Kafir köpəyin uşaqları paçka-paçka pulumuzu aldılar, tonlarla ikramızı, asatrinimizi yedilər (burunlarından gəlsin).

Amma gedib yenə ermənilərin tərəfini saxladılar. İndi də bu missiyanı Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması (Vallah, bu qurumun hansı məzhəbə qulluq etdiyini bu vaxtadək kəsdirə bilməmişəm) öz üzərinə götürmək istyir.

“Xeyli xub”. Nə deyirik, ABŞ-ın, Avropanın kişiləri bizə atdılar, bəlkə arvadları qeyrətli çıxa. Kababımızı yeyib, konyakımızı içib, qonorarını alıb gedəndən sonra heç olmasa sosial səhifələrində Azərbaycanda çəkdirdikləri “selfi”ləri paylaşarlar. Belə olsa, nə bəxtəvər bizim halımıza. Avropada, ABŞ-da bizlərin şəkillərini görərlər. Beləcə biz də olarıq Avropalı.

Onsuz da şuşalı, laçınlı, kəlbəcərli olmaqdansa avropalı olmağı daha çox istəyirik. Ona görə də Aybəniz xanımın şöbəsi də. O şöbənin tabe olduğu təşkilat da düz eləyir. Hə, bir də yazımın ilk yarısında dediklərimi unudun, Aybəniz xanım. Siz də “…o ceyranı çağırın gəlsin…”

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*