“DAYANMAQ FİKRİMİZ YOXDUR…” – “Şuşaya qayıdacağımız gün uzaqda deyil” – AÇIQLAMAbackend

“DAYANMAQ FİKRİMİZ YOXDUR...” – “Şuşaya qayıdacağımız gün uzaqda deyil” - AÇIQLAMA

KONKRET.az Milli Məclisin komitə sədri, YAP-çı deputat Sadiq Qurbanovun gündəmin əsas mövzusu ilə bağlı müsahibəsini təqdim edir:.

– Sadiq müəllim Rusiyanın təşəbbüsü ilə Moskvada Azərbaycanın və Ermənistan Xarici İşlər nazirləri arasında elan olunmuş atəşkəs bəyanatına münasibət birmənalı deyil. Siz bu haqda nə düşünürsünüz? 

– Əvvəla, mən xalqımızı Qarabağdan bir-birinin ardınca gələn qələbə xəbərləri münasibətilə təbrik edirəm. Ali Baş Komandan bu gün (Oktyabrın 14-də-red.) daha 8 kəndin işğaldan azad olunduğunu elan etdi və daha ciddi uğurların qeydə alındığını anons etdi. Heç şübhə etmirəm ki, bunlar daha böyük qələbələrimizin müjdəçisidir – Şuşaya qayıdacağımız gün uzaqda deyil!

Sualınıza gəldikdə, əlbəttə, hər birimiz Ermənistan ordusunun ən qısa müddətdə işğal etdiyi ərazilərimizdən çıxarılmasını istəyirik. Ali Baş Komandan, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, sülh üçün Ermənistanın silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmalıdır. Azərbaycan ordusunun erməni təxribatlarına cavab olaraq başlatdığı hərbi əməliyyatlar da məhz bu məqsədi daşıyır. Prezident də bütün görüşlərində, müsahibələrində xüsusi olaraq vurğulayıb ki, biz öz torpağımızdayıq. Əgər erməni əsgəri bizim torpaqdan çıxarsa, bu münaqişə də bitər. Əks halda Azərbaycan ordusu onlar iti qovan kimi torpaqlarımızdan qovacaq və qovur da. Ancaq bu o demək deyil ki, biz danışıqlardan tamamilə imtina etməliyik. Bu, mümkün də deyil. Əvvəla, hər bir sivil dövlət kimi Azərbaycanın da beynəlxalq təşkilatların, regionda təsirə malik iri dövlətlərin çağırışlarını eşitməzdən gəlməsi doğru olmaz. İkincisi, biz haqlı tərəf olduğumuzdan danışıqlardan, müzakirələrdən heç vaxt qaçmamışıq. Əksinə, Ermənistan rəhbərliyi danışıqlardan imtina edirdi ki, Azərbaycan ordusunun uğurlu əməliyyatları onları yenidən müzakirələr üçün yalvarmağa məcbur etdi. Ancaq artıq bu müzakirələr Azərbaycanın diktə etdiyi şərtlər altında keçiriləcək. Elə qeyd etdiyiniz Moskva görüşündə də bu, özünü göstərdi. 11 saat davam edən müzakirələrdən sonra bəyan edilən razılaşmada Azərbaycanın tələbləri öz əksini tapdı. Buna görə də Moskvadakı danışıqların nəticələri birmənalı olaraq Azərbaycanın xeyrinədir. Sənəddəki müddəalara da baxdıqda bunu gömək mümkündür.

Birincisi, danışıqların nəticəsi kimi imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsipləri mütləq olaraq nəzərə alınmalıdır. Hansı ki, həmin prinsiplərdə Ermənistanın silahlı qüvvələrinin torpaqlarımızdan çıxması əks olunub. Bu prinsiplər isə Azərbaycanın maraqlarına cavab verdiyindən Paşinyan ondan imtina etməyə çalışırdı. Moskva görüşərində bir daha öhdəlik kimi üzərinə götürdü.

İkincisi, danışıqların formatının dəyişilməz qaldığı qeyd edildi. Danışıqların formatını dəyişdirmək arzusunda olan rəsmi İrəvan öz məqsədinə nail ola bilmədi. Ermənistan rəhbərliyi çalışırdı ki, “dqr”-i danışıqlar prosesinə qatıb, onu legitimləşdirsin. Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyi və Ordumuzun sarsıdıcı zərbələri sayəsində bu mümkün olmadı. Buna görə də, Moskva danışıqlarının nəticəsi Azərbaycanın növbəti uğuru kimi qəbul olunmalıdır.

Mənbə:azpolitika.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*