Azərbaycan Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin fəaliyyətə başlaması sahibkarlıq subyektləri üçün yeni imkanlar yarada bilər. Yeni strukturun KOB-ların inkişafı, investisiyaların cəlb edilməsi və ixracın təşviqi istiqamətində vahid mexanizmin formalaşdırılmasına töhfə verəcəyi gözlənilir.
Bəs yeni agentliyin yaradılması sahibkarlar üçün hansı yenilikləri gətirəcək və KOB-ların inkişafına necə təsir göstərəcək?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, yeni agentliyin yaradılması sahibkarlar üçün mühüm imkanlar açacaq:

“Xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, investisiyalar və ixracla bağlı xidmətlərin bir qurumda birləşdirilməsi sahibkarlar üçün daha çevik mexanizmin formalaşmasına imkan verəcək. Dövlət dəstəyi mexanizmlərinə çıxışın da sürətlənməsi gözlənilir.
Bundan başqa, yerli və xarici investorlarla əlaqələrin qurulması, bu istiqamətdə təşviqedici dəstək proqramlarının icrası daha da təkmilləşdirilə bilər. Xarici bazarlara çıxış, xüsusilə KOB sektorunda sertifikatlaşdırma, marketinq və ixrac missiyalarının daha operativ və vahid mərkəzdən koordinasiya olunması imkanları yaranacaq. Eyni zamanda rəqəmsal xidmətlərə çıxışın genişləndirilməsi də sahibkarlar üçün mühüm üstünlükdür.
Agentliyin əsas fəaliyyət istiqamətlərindən biri kiçik və orta sahibkarlara dəstək göstərmək olacaq. Bununla yanaşı, biznes layihələrinin hazırlanması, sahibkarlıq təlimlərinin təşkili, inkubasiya və klasterlərin təşviqi sahəsində də daha operativ və vahid mərkəzdən idarə olunan mexanizmin formalaşdırılması mümkündür.
Burada ən mühüm məqamlardan biri investisiyaların təşviqidir. Yeni agentliyin əsas vəzifələrindən biri həm yerli, həm də xarici investorların cəlb olunması, eləcə də investisiya layihələrinin davamlılığının izlənilməsi olacaq”.
İqtisadçı vurğulayır ki, ən mühüm yeniliklərdən biri isə ondan ibarətdir ki, əvvəllər KOBİA əsasən sahibkarlığın inkişafı, AZPROMO isə investisiyaların və ixracın təşviqi ilə məşğul olurdu. Yeni agentlik bu funksiyaları birləşdirəcək.
“Beləliklə, biznesin yaradılmasından investisiyaların cəlb olunmasına, məhsulun xarici bazarlara çıxarılmasına qədər vahid zəncir mexanizminin formalaşdırılması mümkün olacaq. Bu sistemdə əsas məqsədlərdən biri xidmətlərin təkrarlanmasının qarşısının alınması, inzibati prosedurların azaldılması və qərarların daha sürətli qəbul edilməsidir.
Düşünürəm ki, bu baxımdan yeni yaradılan agentlik daha çevik və optimallaşdırılmış formada ölkə iqtisadiyyatında mühüm rol oynaya bilər”.
Aynurə İsmayıl
KONKRET.az
