Geyimsiz yaşayır, ölülərin külünü yeyirlər: Yanomamilərin sirli dünyasıbackend

Geyimsiz yaşayır, ölülərin külünü yeyirlər: Yanomamilərin sirli dünyası

Yanomamilər Cənubi Amerikanın ən böyük təcrid olunmuş yerli xalqlarından biridir. Onlar Braziliyanın şimalında və Venesuelanın cənubunda yerləşən tropik meşələrdə və dağlıq ərazilərdə yaşayırlar.

Venesuelada yanomamilər 8,2 milyon hektar ərazini əhatə edən Alto-Orinoko–Kasikyare biosfer qoruğunda məskunlaşıblar. Bu ərazilər birlikdə dünyada yerli xalqlara məxsus ən böyük meşə massivini təşkil edir.

Yanomamilər yano və ya şabono adlandırılan böyük, dairəvi ümumi evlərdə yaşayırlar. Belə tikililərdən bəziləri 400 nəfərə qədər insanı yerləşdirə bilir. Evin mərkəzi hissəsindən müxtəlif tədbirlər, mərasimlər, bayramlar və oyunlar üçün istifadə olunur.

Hər ailənin öz ocağı var və gün ərzində yeməklər burada hazırlanır. Gecələr isə hamaklar ocağın yaxınlığında asılır.

Yanomamilər insanlar arasında bərabərliyə inanırlar.

Dörd yaşında oğlan uşaqlarının qulaqları, səkkiz yaşında isə qız uşaqlarının alt dodaqları və burunları deşilir.

Yanomami dilləri Çibçan dil ailəsinə aid edilir. Tayfaların hər biri öz ləhcəsində danışır. Bununla belə, bu ləhcələr qarşılıqlı anlaşılır və müxtəlif tayfaların nümayəndələri bir-birini çətinlik çəkmədən başa düşürlər.

İcma üzvləri səhərdən axşama qədər gündəlik işlərlə məşğul olurlar. Tərəvəz və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsi əsasən qadınların üzərinə düşür. Onlar əkin sahələrində plantain bananı, kassava, şəkər qamışı, papayya, manqo, şirin kartof, ananas və digər bitkilər yetişdirirlər. Bambuk və ağac qabığından müxtəlif mərasimlərdə istifadə olunan bəzək əşyaları hazırlayırlar.

Yanomamilərin həyatında narkotik və ya psixoaktiv bitkilər də xüsusi yer tutur. Bu bitkilərdən müxtəlif ritual və müalicəvi içkilər hazırlanır.

Kişilərin əsas məşğuliyyəti isə ovçuluqdur. Yanomamilər adətən silah kimi yay və oxlardan istifadə edirlər. Oxların ucu zəhərli kurare maddəsi ilə işlənir.

Səhər həyat yoldaşlarını işə yola salan qadınlar uşaqları ilə birlikdə bağ-bağçada işləyir və ya termit yuvaları axtarmağa gedirlər. Onlar həmçinin qızardılmış halda yedikləri sürfələri toplayır, qurbağa və tırtıl tuturlar, odun və təsərrüfatda lazım olan müxtəlif materiallar yığırlar.

Yanomamilər demək olar ki, tamamilə geyimsiz yaşamaları ilə də diqqət çəkirlər. Həm kişilər, həm də qadınlar ənənəvi olaraq əsasən boyunbağı, sırğa və bilərzik kimi bəzək əşyalarından istifadə edirlər.

Meşə xalqının mədəniyyətində mərasimlər olduqca mühüm yer tutur. Onların həyatındakı bütün əlamətdar hadisələr müəyyən rituallarla müşayiət olunur.

Yanomamilər qədim zamanlardan endokannibalizm adlanan ritualı — kremasiya edilmiş tayfa üzvlərinin külünün yeyilməsini — tətbiq edirlər.

Ölən şəxslə vidalaşma tayfanın həyatında son dərəcə mühüm mərasim hesab olunur. Bütün kənd sakinlərinin iştirak etdiyi vida mərasimi bir həftədən çox davam edə bilər.

Əvvəlcə mərhumun cəsədi müxtəlif naxışlarla bəzədilir və üzərinə lələklər qoyulur. Ətrafdakılar ritual rəqslər edir, mahnılar oxuyaraq mərhumun ruhunun yenidən bədənə qayıtması üçün dua edirlər. Daha sonra kollektiv ağlaşma başlayır və mərasimin sonunda cəsəd dəfn tonqalında yandırılır.

Yaxınları külün içərisindən sümük parçalarını çıxarır, onları toz halına gətirir və bütün kənd sakinlərinin iştirakı ilə yeməyə qataraq qəbul edirlər. Onların inanclarına görə, bu ritual mərhumun ruhunun sakitləşməsinə kömək edir.

Yanomami kişiləri isə demək olar ki, hər gün Anadenanthera cinsinə aid bitkinin toxumlarından hazırlanan hallüsinogen maddədən istifadə edirlər. Toz halına salınmış maddə xüsusi boru vasitəsilə buruna çəkilir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*