Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya ilə bağlı iki qətnamə qəbul edib.
KONKRET.az xəbər verir ki, qətnamələrdən biri Rusiyanın Dövlət Dumasına keçirilən seçkilərə münasibət və Rusiya tərəfindən Avropa İttifaqı ölkələrinə qarşı həyata keçirilən hibrid hücumlarla, digəri isə Avropa Şurasının himayəsi altında Rusiyanın dondurulmuş dövlət aktivlərinin Ukraynaya yönəldilməsinə imkan verəcək mexanizmin yaradılması ilə bağlıdır.
İclas zalında bu məsələlər barədə çıxış etmək istəyən deputatların sayı az olmayıb.
Qətnamədə bildirilir ki, “Rusiya Federasiyasının Dövlət Duması demokratik yolla seçilmiş və ya Rusiya vətəndaşlarını qanuni şəkildə təmsil edən orqan kimi tanına bilməz”. Bu yanaşma AŞPA-nın daha əvvəl Vladimir Putini Rusiyanın legitim prezidenti kimi tanımaması ilə müqayisə edilir.
Assambleya “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində səsvermənin keçirilməsini qəti şəkildə pisləyib” və bunu beynəlxalq hüququn növbəti kobud şəkildə pozulması adlandırıb.
AŞPA deputatları Rusiyanın Avropa ölkələrinə qarşı həyata keçirdiyi diversiya, yanğın törətmə, sui-qəsd cəhdləri, demokratik seçkilərə müdaxilə və dezinformasiya fəaliyyətlərinin “dövlət terrorizmi aktları” kimi qiymətləndirilməsini təklif ediblər.
Bundan başqa, AŞPA Avropa ölkələrində dondurulmuş Rusiya aktivlərinin Avropa İnsan Hüquqları Məhkəməsinin müəyyən etdiyi kompensasiyaların ödənilməsinə yönəldilməsini təklif edib. Söhbət, xüsusilə, Ukraynanın Rusiyaya qarşı qaldırdığı iki dövlətlərarası iş üzrə müəyyən ediləcək kompensasiyalardan gedir.
Qətnamədə qeyd olunur ki, “ədalətli kompensasiya”nın məbləği hələ müəyyənləşdirilməyib. Lakin Ukraynaya vurulmuş zərərin miqyası nəzərə alınarsa, potensial kompensasiya məbləği “milyardlarla, on milyardlarla və hətta yüz milyardlarla avro” təşkil edə bilər.
Ağagül Mürsəlov,
KONKRET.az
