Deputatlar niyə üzündən oxuya bilmir? – Partiya sədrindən SƏRT REAKSİYAbackend

Deputatlar niyə üzündən oxuya bilmir? – Partiya sədrindən SƏRT REAKSİYA 

Milli Məclisin iclaslarında bəzi deputatların öz çıxışlarını üzündən oxuya bilmədiklərini görürük və buna da təəccüblənməyə bilmirik. Axı necə ola bilər ki, bir millət vəkili əvvəldən hazırladığı və beyninin məhsulu olan çıxışını loru desək, dili topuq vura-vura oxusun? Kənardan istər-istəməz elə təəssürat yaranır ki, həmin deputatların bu çıxışlardan xəbəri yoxdur və yaxud haqqında bəhs etdikləri məsələdən, ümumiyyətlə, agah deyil…

KONKRET.az-a mövcud mənzərəylə bağlı fikirlərini bölüşən AĞ Partiya sədri Tural Abbaslı hesab edir ki, MM-də oturan hər kəsə eyni sözləri şamil etmək olmaz: “Parlamentdə kifayət qədər savadlı və müxtəlif sahələr üzrə tanınmış, elmi nailiyyətlər əldə etmiş insanlar da var. Amma təəssüf ki, deputatların böyük əksəriyyəti cəmiyyətdən, siyasətdən, belə demək mümkünsə, Azərbaycandakı proseslərdən xəbəri olmayan insanlardır. Çünki onların böyük biznes şəbəkələri var. Yəni kiçik çaplı oliqarxlardır.

Bu mənada onların, əsasən, işi-gücü öz biznes şəbəkələrini idarə etmək, onu böyütmək olub. İndi də birdən-birə gəlib düşüblər parlamentə və onlara tanış olmayan terminlər, çıxışlar, mövzularla qarşılaşıblar. Ona görə də mətnləri heç üzündən də oxuya bilmirlər. Həm də müzakirədə olan problemlər, danışılan məsələlər onlara o qədər yaddır ki, ona görə də həmin həqiqətləri qabraya bilmirlər.

Məsələn, eləsi var ki, mətni üzündən yaxşı oxuyur, yaxşı yazdırıb, amma üz ifadələri – mimikaları o problemi yaşayan insanın və yaxud da o problemi həll etmək istəyən insanın üz mimikaları deyil. Bu da o şəxslərin böyük əksəriyyətinin xalqdan qopuq olmasını, xalqın problemlərindən uzaq olmasının göstəricisidir.

Təəssüflə qeyd etməliyəm ki, bizim deputatların çıxışları xalqa çox süni təsir bağışlayır. Çünki onlar sadaladıqları problemləri yaşamadan danışırlar.

Bəziləri də ya rus, ya da ingilis dilində təhsil alıb deyə, o duyğuları da Azərbaycan dilində ifadə etməkdə çətinlik çəkir”.

Maraqlıdır ki, bəzən deputatlar bu durumlara görə tənqid ediləndə, nəticə çıxarmaq əvəzinə, əksinə, aqressiv reaksiya verirlər.

T.Abbaslı hesab edir ki, bu da  onların apolitik və siyasi sferadan uzaq olmalarından irəli gəlir: “Onlar tənqidlə təhqiri ayıra bilmirlər. Bu, çox ciddi məsələdir və biz ümumiyyətlə düşünməliyik ki, necə parlament istəyirik? Yəni Qarabağ müharibəsində qalib olmuş və bütün Avropa, Amerikanın üzərinə gəldiyi bir ölkənin parlamenti necə olmalıdır? Erməni lobbisinin bu qədər güclü fəaliyyət göstərdiyi bir zamanda bu parlamentin nümayəndələri necə olmalıdır, beynəlxalq təşkilatlarda necə çıxış etməlidirlər, hansı tip siyasətçilər olmalıdır ki, parlament təmsilçiliyində bu gün Azərbaycan maraqlarını qoruya bilsinlər? Ümid edirik ki, 2024-cu ildə parlament seçkiləri keçiriləcək və bu zaman həm iqtidar, həm müxalifət, həm də xalq bu məsələləri diqqətdə saxlayaraq, güclü bir orqan formalaşdıracaq”.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*