DİQQƏT: “Qocalara bunu deməyin!” Ahıl atasını səbətdə dağa ölməyə aparan kişibackend

DİQQƏT: "Qocalara bunu deməyin!" Ahıl atasını səbətdə dağa ölməyə aparan kişi

Hümbət Quliyev

Dünən ilin axır çərşənbəsi idi. Şəhərimizin tanınmış bir ağsaqqalı mənə zəng edib bayramlaşdı. Ömür boy bu insan hamıya kömək əlini uzadıb. Elə indi də elədir. Hər kəsin dərdini öz dərdi kimi qəbul edir…

Söhbət əsnasında dostum mənə böyük təəssüflə dedi; doktor eşitdiniz də, filan Avropa ölkəsində virusu olan yaşlı insanları süni tənəffüs aparatına qoşmaqdan imtina ediblər. Dostuma təsəlli üçün həmin ölkənin ünvanına, paralel Avropalıların mənəviyyatının ünvanına onun gözlədiyi bir- iki yağlı söz işlətdim. Razı qaldı, sağollaşdıq.

Dostum feysbukdan uzaq insan olduğundan burada bəzi fikirlərimlə bölüşürəm.

Kritik təbabət deyilən bir sahə var. Məsələn, müharibə vaxtı üç yüngül yaralı və bir ağır yaralı varsa, həkimlər ağır yaralı ilə məşğul olmayacaqlar. Müharibədə təbabətin məqsədi qısa müddətdə döyüş meydanına çoxlu döyüşçü qaytarmaqdır. Humanizmdən də heç kim söhbət açmayacaq. Dostumun vurğuladığı Avropa ölkəsində məhdud saylı süni tənəffüs aparatına təcili növbə yaranıbsa, cavanları qabağa salacaqlar, çünki onların xilas olmaq şansı çoxdur, bu xəstəlikdə ahılların şansı isə azdır.

Yaşlı insana sadəcə qıraqda ölməyə bir künc ayıracaqlar. Bu da bilmək istəsəniz, humanizmin rasional formasıdır. Qəlbin, mənəviyyatın hesaba alınmadığı, yalnız quru təfəkkürün məhsulu olan humanizm.

Bu belədir, belə də qəbul edilib.

Tələbələri də belə öyrədirlər. Sualı olan da olmur.

Bir detal var ancaq, bu fikri həkimlər pasiyentə deməməlidirlər, heç bir halda. Bunu deməmək üçün təbabət elmində dientologiya deyilən anlayış var. Yəni tibbi personal xəstəyə nəyi deyə bilər, nəyi yox. Mənim ağsaqqal dostum televizordan bu xəbəri heç cür eşitməməli idi. Xəbər zəncirində hansısa jurnalist kobud yanlışlıq edib.

Hamımızın bildiyimiz, amma açıq etiraf etmədiyimiz həqiqətlər var.

Aydındır ki, bir ölüm növbəsi var və ahıl insanlar bu növbədə öndədirlər. İstisnalar olsa da, mütləq ədalət prinsipi elə yaradan tərəfindən də qorunur. Amma toplum, millət, xalq min illərlə mənəvi prinsiplər kodeksi hazırlayıb ki, ahıl insanları mürvətlə, ehtiramla,diqqətlə yola salsınlar. Fikir də sadədir, əvvəl sən hörmətlə yola salacaqsan, sonra sənin növbən çatanda hörmətlə səni yola salacaqlar. Bunun üçün müvafiq ibrətamiz nağıllar da düşünüblər; qoca atasını səbətdə dağa ölməyə aparan kişi haqda rəvayət kimi, məsələn.

Qloballaşma dövründə bizə Avropa dəyərlərini aşılayırlar. Bəzi dəyərlərə bəlkə də ehtiyac var. Amma bizim öz dəyərlərimiz var ki, mənəviyyatımız onlarla yoğrulub.

Qərbdə ağsaqqal, ağbirçək məfhumu yoxdur. Avropada durub yerini nəqliyyatda yaşlı insana versən, o insan bunu özünə qarşı təhqir kimi qəbul edər. 18 yaşı olan kimi onlar uşağı evdən aralayırlar ki, daha özün yaşa. Valideyngilə qonaq gələn gənc vaxtında deməyibsə, yeməyi özü ilə gətirməlidir və s,və ilaxır.

Mənim qırx yaşım olanda anam həyat yoldaşıma zəng edirdi ki, uşaq bu gün nə yeyib? Uşaq deyəndə o məni nəzərdə tuturdu,nəvələrini yox.

Bu virus da təbabətdən çox mənəvi dəyərlərimiz üçün bir sınaqdır.

Ölmək haqdır, kim qalacaq ki? Hamı həyatını itirəcək. Deyirəm ki, mənəviyyatımızı, min illərdir milli kimliyimizi qoruyan dəyərlərimizi, itirməyək.

Mənim dəyərli ağsaqqal dostumun öz xalqına; sənə, mənə olan inamını itirməyək…

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*