Dondurulmuş toyuğun çəkisində buz da hesablanır? – İstehlakçı necə aldadılır?backend

Dondurulmuş toyuğun çəkisində buz da hesablanır? – İstehlakçı necə aldadılır?

Dondurulmuş toyuq əti və digər məhsulların üzərində yaranan buzun məhsulun ümumi çəkisinə daxil edilib-edilməməsi istehlakçılar arasında suallar doğurur. Xüsusilə qablaşdırmanın üzərində göstərilən çəki ilə məhsul əridildikdən sonra əldə olunan faktiki çəki arasında ciddi fərq yaranması istehlakçı hüquqlarının qorunması məsələsini gündəmə gətirir.

Bəs dondurulmuş məhsulun üzərindəki buz məhsulun çəkisi hesab edilə bilərmi və bu məsələyə necə nəzarət olunur?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, toyuq və digər ət məhsullarının dondurulması texnologiyası məhsulun üzərinə əlavə su vurulmasını nəzərdə tutmur.

Eyyub Hüseynov: “Yaslarda yemək verilməsinə - mədəniyyətsizliyə son  qoyulmalıdır” Pravda.az

Onun sözlərinə görə, ət və toyuq məhsulları xüsusi soyuq hava vasitəsilə dondurulur:

“Ət, toyuq – bunların dondurulması prosesində soyuq hava vurulur. Texnologiyaya görə su, buz olmamalıdır. Qətiyyən. Əgər dondurulmuş ətin üzərində buz dənəcikləri görünürsə, bu artıq texnologiyanın pozulmasıdır. Bu, istehlakçının aldadılmasıdır, qanun pozuntusudur”.

E.Hüseynov qeyd edib ki, məhsul dondurulmazdan əvvəl çəkilir və müvafiq etiketləmə aparılır:

“Dondurmaya toyuq əti gedəndə artıq onun etiketi vurulur, çəkisi göstərilir. Daha sonra soyuq hava şəraitində dondurulur. Ora hava püskürür. Bu halda sudan söhbət gedə bilməz”.

Ekspert bildirib ki, bir neçə il əvvəl Azərbaycana idxal olunan bəzi toyuq məhsulları ilə bağlı da oxşar problemlər gündəmə gəlib:

“Baxmayaraq ki, biz 8 il öncə Ukraynadan gətirilən toyuqlarda 20 faizə qədər naməlum maddələr tapdıq. Hətta həmin maddələrin mənşəyi də məlum deyildi. Sonradan bunun qarşısı alındı”.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, qida məhsullarının etiketində istehlakçıya məhsulun miqdarı, tərkibi və digər əsas göstəriciləri barədə dolğun və düzgün məlumat verilməlidir. Etiketləmə dəqiq, aydın və istehlakçı üçün başadüşülən formada aparılmalıdır.

Bu baxımdan, qablaşdırmanın üzərində göstərilən çəki ilə məhsulun faktiki miqdarının uyğunluğu istehlakçının düzgün məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır. Əgər məhsulun çəkisinə onun tərkib hissəsi olmayan və texnoloji baxımdan nəzərdə tutulmayan əlavə su və ya buz daxil edilirsə, bu halın araşdırılması və müvafiq nəzarət tədbirlərinin görülməsi zəruridir.

Beləliklə, istehlakçı dondurulmuş məhsul alarkən yalnız qablaşdırmanın üzərindəki çəkiyə deyil, məhsulun vəziyyətinə və etiket məlumatlarına da diqqət yetirməlidir. Əridildikdən sonra məhsulun çəkisi ilə etiketdə göstərilən miqdar arasında nəzərəçarpacaq fərq yaranarsa, bunun səbəbinin müəyyənləşdirilməsi və zərurət olduqda aidiyyəti qurumlara müraciət edilməsi məqsədəuyğundur.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*