Dünya şöhrətli yazıçının ən böyük xoşbəxtliyi: Oliviya ilə 36 illik evlilikbackend

Dünya şöhrətli yazıçının ən böyük xoşbəxtliyi: Oliviya ilə 36 illik evlilik

Mark Tven və Oliviya: 36 il davam edən böyük sevgi hekayəsi

Dünya şöhrətli yazıçı Mark Tven həyat yoldaşı Oliviya Lenqdonla 36 il birgə yaşayıb.

Toylarından sonra Tven dostuna belə deyib: “Əgər evli insanların nə qədər xoşbəxt olduğunu əvvəlcədən bilsəydim, 30 il əvvəl evlənərdim, diş çıxarmaqla vaxt itirməzdim”. Həmin vaxt yazıçının 32 yaşı vardı.

Onlar xaraktercə bir-birindən xeyli fərqlənirdilər. Əsl adı Samuel Klemens olan Mark Tven kasıb ailədə böyümüş, hələ gənc yaşlarından öz zəhməti ilə dolanmağa başlamışdı. Əmək fəaliyyətinə qəzet redaksiyasında başlamış, daha sonra çay gəmilərində lotsman işləmişdi. Sonralar gümüş hasilatı ilə məşğul olmaq qərarına gəlmiş, lakin bu sahədə uğur qazana bilməmişdi.

Uğursuzluqdan sonra hekayələr yazmağa başladı. Və çox keçmədən bütün Amerikada tanındı. Məhz həmin dövrdə varlı bir kapitalistin qızı olan gözəl Oliviyaya aşiq oldu.

Maraqlıdır ki, Mark əvvəlcə Oliviyanın özünə deyil, onun portretinə vurulmuşdu. Dostlarından biri ona bacısının şəklinin olduğu medalyonu göstərmiş və Tveni evlərinə qonaq dəvət etmişdi. Həmin bacı Oliviya idi.

Tanışlıqlarının ikinci həftəsində Mark ona evlilik təklifi etdi. Oliviya da Tvenə rəğbət bəsləyirdi, lakin bəzi məqamlar onu tərəddüdə salırdı. Mark ondan on yaş böyük idi, davranışları isə Oliviyanın böyüdüyü ziyalı mühitin qaydalarına uyğun gəlmirdi.

Üstəlik, Tvenin cibində demək olar ki, heç bir pulu yox idi. Bununla belə, Oliviya onun yazıçı istedadını yüksək qiymətləndirirdi. İlk evlilik təklifinə “yox” dedi. Mark geri çəkilmədi və yenidən evlənmək istədiyini bildirdi. Bu dəfə də rədd cavabı aldı. Oliviya qərarını Tvenin dinə kifayət qədər ciddi yanaşmaması ilə əsaslandırdı. Mark isə ona söz verdi ki, Oliviyanın arzusu ilə yaxşı xristian olmağa çalışacaq.

Əslində, Oliviyanın qəlbində Tvenə qarşı sevgi artıq yaranmışdı. Sadəcə, özü hələ bunu tam dərk etmirdi.

Vəziyyətin ümidsiz olduğunu düşünən Mark şəhərdən getmək qərarına gəldi. Lakin vağzala gedərkən onun faytonu aşdı. Tven özünü ağır yaralanmış kimi göstərdi və onu yenidən geri qaytardılar. Oliviya onun qayğısına qalmağı təklif etdi. Mark bir daha evlilik təklifi edəndə isə gənc qadın nəhayət razılığını verdi.

Toydan sonra Mark həyat yoldaşını incitməməyə, onu hər zaman xoşbəxt etməyə çalışırdı. Oliviya dərin dindar idi. Tven axşamlar ona Bibliyadan parçalar oxuyur, hər nahardan əvvəl dua edirdi.

Yazıçı həyat yoldaşının bəyənməyəcəyini düşündüyü bəzi əsərlərini nəşriyyatçılara təqdim etmirdi. Hətta yazı masasının altında gizlənərək yazdığı və nəticədə nəşr olunmamış təxminən 15 min səhifəlik materialı olduğu bildirilir.

Oliviya Tvenin əsas redaktoru və senzoru idi. Əsərlərini ilk oxuyan, düzəlişlər edən də məhz o olurdu. Bir dəfə “Heklberri Finnin macəraları” romanında işlədilən bir ifadədən o qədər narahat olmuşdu ki, Markı həmin cümləni mətndən çıxarmağa məcbur etmişdi. Söhbət cəmi iki sözdən gedirdi: “Lənət olsun!”

Klemenslərin qızı Syuzi valideynlərinin xarakterini belə ifadə edirdi: “Ana əxlaqı sevir, ata isə pişikləri”.

Mark həyat yoldaşının fikirlərinə böyük hörmətlə yanaşırdı. Məktublarının birində zarafatla yazırdı: “Əgər o, corab geyinməyin əxlaqsızlıq olduğunu desəydi, corab geyinməyi dayandırardım”.

Oliviya ərini “ağarmış gənc” adlandırır, ona bəzən uşaq kimi yanaşırdı. Tven isə əmin idi ki, öz gücünü, enerjisini və uşaqlıq saflığını məhz Oliviyanın sayəsində qoruyub saxlaya bilib.

Oliviya ərinin yumor hissi ilə fəxr edirdi. Bir dəfə Mark hansısa kitabı oxuyarkən elə bərkdən gülürdü ki, bütün ev səsə qərq olmuşdu. Oliviya ondan soruşdu ki, hansı yazıçının əsəri onu bu qədər əyləndirir. Mark kitabın müəllifinin kim olduğunu bilmədiyini, sadəcə, əsərin çox gülməli olduğunu söylədi.

Oliviya kitabı əlinə alıb üz qabığına baxdı. Orada “Mark Tven” yazılmışdı.

Yumor hissi Markı ən ağır anlarda belə xilas edirdi. Həyat yoldaşının sağalmaz xəstəliyə tutulduğu məlum olanda belə, o, ruhdan düşməməyə çalışırdı. Evdə, hətta bağdakı ağacların üzərində Oliviyanı güldürmək üçün zarafat dolu qeydlər asmışdı. Bu qeydlərdən birində quşlara nə vaxt və nə qədər oxumalı olduqları barədə göstəriş verilmişdi. Həmin kağız Oliviyanın yataq otağının pəncərəsinin yanında asılmışdı.

Onların birgə həyatı yalnız xoşbəxt anlardan ibarət deyildi. Ailə övlad itkisi ilə üzləşdi, Mark isə bir müddət sonra iflas etdi. Belə ağır sınaqlarda yazıçını anadangəlmə nikbinliyi, Oliviyanı isə xristian təvazökarlığı və inancı ayaqda saxladı.

Onlar bir-birlərini o qədər sevirdilər ki, ayrı həyatı təsəvvür edə bilmirdilər. Deyilənə görə, Tven evlilikləri boyunca həyat yoldaşına heç vaxt səsini qaldırmamış, Oliviya da onunla mübahisə və qalmaqal yaratmamışdı.

Mark həyat yoldaşını hər cür təhlükədən qorumağa hazır idi. Bir dəfə Oliviyaya zarafat etmək istəyən yaxın dostu ilə münasibətlərini az qala tamamilə kəsmişdi.

Oliviya isə ərinin xatirinə bütün ev işlərini bir kənara qoyaraq onunla dünya səyahətinə çıxmışdı. Həmin vaxt artıq «altmış yaşlı gənc» adlandırılan Tvenə daimi qayğı və nəzarət lazım idi.

Oliviya­nın yubileylərindən birində Mark ona məktub yazmışdı. Həmin məktubda bu sətirlər vardı:

“Birlikdə keçirdiyimiz hər gün məni bir daha əmin edir ki, həyatlarımızı birləşdirdiyimizə görə heç vaxt, bircə an belə peşman olmayacağıq. Hər il səni daha çox sevirəm, əzizim. Gələcəyə – qarşıdakı yubileylərə, qocalığımıza qorxu və kədər olmadan baxaq”.

Mark Tven və Oliviyanın sevgi hekayəsi bir daha göstərir ki, böyük sevgi yalnız xoşbəxt günlərdə bir-birinin yanında olmaq deyil. Əsl sevgi çətinlikləri, itkiləri, xəstəlikləri və uğursuzluqları birlikdə qarşılamaq, illər keçdikcə bir-birinə daha çox bağlanmaqdır.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*