Kanzasın sakit qəsəbəsindəki dəhşət: “Soyuqqanlı qətl”in gerçək hekayəsibackend

Kanzasın sakit qəsəbəsindəki dəhşət: "Soyuqqanlı qətl"in gerçək hekayəsi

1959-cu il noyabrın 15-də Kanzas ştatının ucqar kəndlərindən birində iki keçmiş məhbus fermer ailəsinin dörd üzvünü amansızlıqla qətlə yetirdi.

Təsəvvür edin: siz sözün əsl ustasısınız. Artıq mükafatlar və geniş tanınma qazanmısınız, əsərlərinizə sərgilər həsr olunur, fotolarınız yüzlərlə qəzet və jurnalda dərc edilir.

Dövrünüzü təxminən qırx il qabaqlayaraq Bruklində, öz seçiminizlə, 1839-cu ildə tikilmiş, inanılmaz dərəcədə gözəl bir evdə yaşayırsınız. Verbyedə şaleniz, ingilis buldoqunuz, yazı makinanız və qəhvəniz var. Bir sözlə, hər şey qaydasındadır.

Amma bir gün Kanzasda bütöv bir fermer ailəsinin qətlə yetirilməsi haqqında qəzetdə cəmi 300 sözdən ibarət xəbər oxuyursunuz. Nəsə sizi yerinizdən qaldırır. O vaxtlar hələ ən yaxın dostunuz olan, özü də yazıçı kimi tanınan bir qadını – Harper Lini götürüb Kanzasa yollanırsınız. Məqsəd baş verənləri anlamaq, bu dəhşətli cinayətin pərdəarxasını araşdırmaqdır.

Deyildiyi kimi, yazı insanı yola çağırdı.

Ümumiyyətlə, sənədli nəsr insanın həyatında qəribə dəyişikliklərə səbəb ola bilir. Çexov “Saxalin adası” əsərindən sonra tamam başqa bir yazıçıya çevrildi. Trumen Kapote isə 1965-ci ildə “The New Yorker” jurnalında hissə-hissə dərc olunan, 1966-cı ildə ayrıca kitab kimi nəşr edilən “Soyuqqanlı qətl”dən sonra daha heç vaxt bu miqyasda əsər yazmadı.

Harper Li ilə birlikdə Kanzasda bir neçə ay keçirən Kapote nəticədə 8 min səhifəlik qeydlər və qaralamalar topladı. Kitab üzərində altı il çalışdı. Ortaya isə öz janrının ən parlaq nümunələrindən biri, heyrətamiz bir sənədli roman çıxdı.

Amma Kapote də Çexov kimi oxucuya hazır reseptlər təqdim etmir, ona nə düşünməli olduğunu diktə etmir.

Pislik var, olub və həmişə olacaq. Bəzi insanlar, Klatterlər ailəsi kimi, taleyin acı zərbəsi nəticəsində onunla üzləşirlər, bəziləri isə bu bəladan yan keçə bilirlər. Kimin başına nə gələcəyini əvvəlcədən bilmək mümkün deyil.

Bəs pisliyin daşıyıcıları? Kapote hər iki qatil ilə şəxsən söhbət etmişdi. Onun qənaətinə görə, ölüm hökmü də çıxış yolu deyil. “This is not an exit” – “Bu, çıxış yolu deyil” ifadəsi isə təxminən dörddəbir əsr sonra başqa bir məşhur romanda səslənəcəkdi.

Həmin girişdə Kapote 1959-cu ilin noyabrına qədər Kanzasın Holkomb qəsəbəsinin geniş ictimaiyyətə demək olar ki, tanış olmadığını, 270 sakinin sakit və adi həyat sürdüyünü təsvir edir. Lakin noyabrın bir səhərində açılan dörd güllə atəşi altı insanın həyatına son qoyur. Bundan sonra əvvəllər qapılarını belə bağlamayan qəsəbə sakinləri bir-birinə şübhə və inamsızlıqla yanaşmağa başlayırlar.

Yeri gəlmişkən, mən bu əsəri ilk dəfə 1986-cı ildə, köhnə “İnostrannaya literatura” jurnalının 1966-cı il nömrəsində, Pozner və Çembercinin tərcüməsində oxumuşdum. Sonralar atam mənə əsərin ingiliscə orijinalını gətirdi.

Bu mövzu ilə maraqlananlara iki yaxşı filmi də tövsiyə edərdim. Birincisi, Filip Seymur Hoffmana “Oskar” qazandıran 2005-ci il istehsalı “Kapote” filmidir. İkincisi isə Deniel Kreyq və Tobi Consun baş rollarda çəkildiyi 2006-cı il istehsalı “Rüsvayçı şöhrət” (“Infamous”) filmidir.

Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*