Ukraynada baş verən müharibə dövlətlər arasında beynəxalq münasibətlərin zəifliyini və beynəlxalq təşkilatların heç bir işə yaramadığını bir daha sübut etdi. Bu günlərdə fransız nəşri “Contrepoints” yazıb ki, Avropa İttifaqı (Aİ) ölkələri öz diplomatik təsirlərini itiriblər.
Bəs görəsən, müharibədən sonra BMT, Aİ və digər nüfuzlu təşkilatlar ləğv edilə bilərmi? Onların əvəzinə daha çevik və işə yarayan mexanizmlər qurulacaqmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov bildirib ki, Birinci Dünya Müharibəsindən sonra dünyada sülhün və təhlükəsizliyin təminatı üçün beynəlxalq qurum və təşkilatların yaranmasına ehtiyac yarandı:
“Bu məqsədlə həmin dövrdə Millətlər Cəmiyyəti yaradıldı. Lakin adıçəkilən təşkilat öz missiyasını tam şəkildə yerinə yetirə bilmədi. Bu da dövlətlərin istəyindən doğan bir məsələ idi. 1930-cu illərdə Millətlər Cəmiyyətinin əsas təminatçısı olan dövlətlər o dövrdə baş verən faciənin, İkinci Dünya Müharibəsinin qarşısını ala və beynəlxalq təhülkəsizliyi təmin edə bilmədi. İki cahan savaşını yaşamış dünya daha mötəbər və çevik bir təşkilata ehtiyac duydu. Bunun nəticəsində də BMT təsis olundu. BMT-nin nizamnaməsində qeyd olunur ki, təşkilatın əsas məqsədi beynəlxalq aləmdə sülhü və təhlükəsizliyi təmin etməkdir. Həmçinin, 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) yaradıldı. Avropa İttifaqı isə iqtisadi maraqlar üzərində qurulmuş təşkilatdır. Dövlətlərin siyasi maraqlarının təmin olunmasında bəzi addımlar atılır. Lakin bu danışıqların arxasında daha çox iqtisadi maraqlar dayanır”.

Ekspertin fikrincə, BMT və ATƏT bu gün öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmir:
“Bu təşkilatlar beynəlxalq aləmdə sülhün və təhülkəsizliyin təmin olunmasında cüzi rol oynayır. Bu gün dünyada ən vacib məsələ təşkilatda iştirak edən böyük dövlətlərin mövqeyidir. Çünki bəzi məsələlər nüfuzlu dövlətlərin geosiyasi maraqları kontekstində həll olunur. Məsələn, Qarabağ münqaişəsinə baxsaq, görərik ki, Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı 4 qətnaməsi qəbul olunub. Həmin qətnamələrin icra olunması təbii ki, BMT-nin üzərində düşürdü. Lakin Təhülkəsizlik Şurasının daimi üzvlərinin maraqlarına uyğun gəlmədiyi üçün qətnamələrin icrası baş tutmadı. Lakin 1991-ci ildə İraq-Küveyt münaqişəsində həmin dövlətlərin marağına uyğun gəlirdi deyə qətnamə qəbul olundu və icra olundu. Yəni, belə təşkilatların öz missiyalarını tam şəkildə başa vuraraq ləğv edilməsi və yeni təşkilatların yaranması ilə razılaşmıram. Dövlətlər arasında əməkdaşlığın genişlənməsində beynəlxalq və regional təşkilatlar müəyyən rol oynayır. Bu gün BMT öz missiyasını tam icra edə bilmir. Çünki böyük dövlətlərlə BMT-nin məqsəd və vəzifələri bir çox hallarda uyğun gəlmir. Həmin təşkilatlar o dövlətlərin əlində vasitəyə çevrilib.Yəni, dünya Təhlükəsizlik Şurasının beş daimi üzvünün əlində oyunacağa çevrilib. BMT bunun əleyhinə heç nə edə bilmir. Ona görə də, belə təşkilatları tam ləğv etmək əvəzinə ciddi islahatlar aparılmalıdır. Regional dövlətlərin orada fəal iştirakını təmin etmək lazımdır. Eyni zamanda kiçik dövlətlərin maraqlarının təmin olunması üçün ciddi işlər görülməlidir. Bu gün beynəlxalq forumlar çərçivəsində qlobal məsələlər müzakirə olunur. Həmin forumlarda müxtəlif dövlətlərin nümayəndələri iştirak edir. Yəni dünyanı BMT-siz təəsəvvür etmək mümkün deyil. Ukraynadakı müharibədən sonra yeni beynəlxalq və regional təşkilatlar yaradıla bilər. Lakin bunu zaman göstərəcək”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
