Azərbaycan Bütövlük Platforması (ABP) Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirib.
KONKRET.az xəbər verir ki, tədbiri giriş sözü ilə ABP sədri Bəhram İsmayıl açaraq, Ə.Elçibəy haqqında məlumat verib.
Sonra məruzə üçün söz Mərmərə Universitetinin müəllimi, MHB başqanı Arif Acaloğluna verilib.
A.Acaloğlu Ə.Elçibəyin həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, “Ə.Elçibəy ölmüş fikirləri, düşüncələri bərpa edən, reabilitasiyasını həyata keçirən və onlara həyat verən nəhəng tarixi şəxsiyyət, ideoloq, siyasi liderdir”.
Məruzəçi çıxışında yeni və çox maraqlı faktlar açıqlayıb. Xüsusən 1974-75-ci illərdəki etiraz aksiyaları barədə məlumat verərək, Elçibəyin o dövrdəki liderlik roluna, ali məktəblərdəki fəaliyyətinə işıq salıb.
A.Acaloğlu Azərbaycanın müstəqilliyi ilə nəticələnmiş Milli Azadlıq Hərəkatının rüşeymlərinin ötən əsrin 70-ci illərində Ə.Elçibəy tərəfindən qoyulduğunu konkret faktlarla açıqlayıb.
Tədbirdə söz alan fəlsəfə doktoru Nazir Əhmədli Ə.Elçibəyin 260 illik şəcərəsi barədə maraqlı məlumatlar verib.
Digər çıxışçılar – görkəmli tədqiqatçı-alim Əli Şamil, Azadlıq hərəkatının öncüllərindən Səyavuş Mustafa, AXP sədri Pənah Hüseyn, iqtisadçı-alim Qənimət Səfərov, ADRH-nin sədr müavini Rüfət Muradlı, DDR sədri Əli Mustafa və başqaları Ə.Elçibəyin həyat və fəalliyyəti haqqında öz düşüncələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Məktəbli Məhluqə Mustafaqızının çıxışı zalda xüsusi rəğbətlə qarşılanıb.
Sonda məruzəçilər tərəfindən tədbir iştirakçılarının sualları cavablandırılıb.
KONKRET.az
