ABŞ Rusiya və Ukrayna arasında genişmiqyaslı əsir mübadiləsinin təşkili istiqamətində iş aparır.
KONKRET.az xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, razılaşma reallaşarsa, bu,
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğala başlamasından bəri həyata keçirilən ən böyük əsir mübadiləsi olacaq.
Təfərrüatlar
Kuşnerin sözlərinə görə, mübadilə uğurla baş tutacağı təqdirdə minlərlə insan öz ailəsinə və yaxınlarına qovuşa bilər. O, Moskva və Kiyevin bu razılaşmanın həyata keçirilməsi üçün lazımi siyasi iradə nümayiş etdirəcəyinə ümid etdiyini bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski də əsir mübadiləsinin hazırlanmasını danışıqların “real nəticəsi” kimi qiymətləndirib. O, əldə olunan irəliləyişin müharibənin nizamlanması istiqamətində növbəti addımlara yol açacağına ümid etdiyini vurğulayıb.
Danışıqların gedişi
Bundan əvvəl ABŞ nümayəndələri Cared Kuşner və Stiv Uitkoff Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüblər.
Görüşdən sonra Amerika tərəfi Avropa nümayəndələrinin də iştirakı ilə danışıqların növbəti mərhələsinin keçiriləcəyini açıqlayıb. Lakin yeni görüşlərin dəqiq tarixi və məkanı hələlik bəlli deyil.
Daha sonra ABŞ nümayəndələri Dublində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş keçiriblər.
Hazırda tərəflər arasında mümkün əsir mübadiləsinin detalları və həyata keçirilmə mexanizmi ilə bağlı müzakirələrin davam etdiyi bildirilir.
Ağagül Mürsəlov,
KONKRET.az
