Almaniyanın avtomobil sənayesi dərin böhranla üzləşib. Ştutqartda yerləşən avtomobil istehsalçısı Mercedes-Benz ölkədəki zavodlarına bütün yeni investisiyaları müvəqqəti dayandırmaq qərarına gəlib.
KONKRET.az xəbər verir ki, şirkət Almaniyadakı bəzi istehsal müəssisələrinin bağlanması ehtimalını da daha ciddi şəkildə nəzərdən keçirir.
Qərar müəssisə rəhbərliyi ilə işçilərin nümayəndələri və IG Metall həmkarlar ittifaqı arasında əməkhaqqı və istehsal xərclərinin azaldılması ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra qəbul edilib. Beləliklə, şirkətlə həmkarlar ittifaqı arasında qarşıdurma daha da dərinləşib.
İş saatlarının artırılması, güzəştlərin azaldılması tələb olunur
Mercedes-Benz rəhbərliyi Almaniyadakı istehsal xərclərinin həddindən artıq yüksək olduğunu bildirir. Şirkətin istehsal üzrə rəhbəri Mixael Şibe qeyd edib ki, mövcud xərc strukturu ilə Almaniyadakı zavodlara yeni investisiyalar yatırmaq mümkün deyil.
Rəhbərliyin hesablamalarına görə, Almaniyada istehsalat sahəsində bir iş saatının dəyəri Şərqi Avropadakı müəssisələrlə müqayisədə beş dəfəyədək yüksəkdir. İnzibati xərclərdə də oxşar fərq mövcuddur.
Şirkət işçilərdən əməkhaqqı artırılmadan həftəlik iş vaxtının 35 saatdan 40 saata çatdırılmasını istəyir. Bundan başqa, mənfəətdən pay, məzuniyyət və Milad bayramı ilə əlaqədar əlavə ödənişlərin azaldılması da müzakirə olunan təkliflər arasındadır.
Lakin həmkarlar ittifaqı bu tələblərə qarşı çıxır. İşçilər əmək şəraitinin və kollektiv müqavilələrlə təmin edilmiş hüquqların pisləşməsindən narahatdırlar.
İki zavodun bağlanması istisna edilmir
Mercedes-Benz-in istehsal üzrə rəhbəri Mixael Şibe daha əvvəl xəbərdarlıq etmişdi ki, xərclərin azaldılması ilə bağlı razılıq əldə olunmasa, Almaniyada iki zavodun bağlanması qaçılmaz ola bilər. Söhbət bir avtomobil yığım müəssisəsindən və avtomobil komponentləri istehsal edən bir zavoddan gedir.
Şirkətin Almaniyada Sindelfingen, Rastatt və Bremen şəhərlərində avtomobil yığımı müəssisələri var. Mühərrik və digər avtomobil komponentlərinin istehsalı ilə məşğul olan zavodları isə Ştutqart-Untertürkheim, Affalterbax, Berlin, Hamburq və digər şəhərlərdə yerləşir.
Hələlik hansı müəssisələrin bağlana biləcəyi barədə yekun qərar açıqlanmayıb. Şirkət rəhbərliyi zavodların bağlanmasının qarşısını almaq istədiyini bildirsə də, bu variantın artıq konkret şəkildə nəzərdən keçirildiyini gizlətmir.
Volkswagen və Audi də qənaət rejiminə keçir
Almaniya avtomobil sənayesindəki problemlər yalnız Mercedes-Benz ilə məhdudlaşmır. Volkswagen və onun törəmə şirkəti Audi də genişmiqyaslı qənaət və yenidənqurma proqramları həyata keçirir.
Avropanın ən böyük avtomobil istehsalçısı olan Volkswagen 2030-cu ilədək Almaniyadakı müəssisələrində 35 mindən çox iş yerinin sosial təminat mexanizmləri çərçivəsində ixtisarını nəzərdə tutur. Şirkətin daha geniş restrukturizasiya planında isə iş yerlərinin ümumi sayının 100 minədək azaldılması və Almaniyada dörd zavodun gələcəyinə yenidən baxılması məsələsi yer alır.
Noyabrın 11-də Volkswagen rəhbərliyi Volfsburqdakı əsas zavodda yeni istehsal konsepsiyasının həyata keçirilməsindən imtina etdiyini də açıqlayıb. Bu qərar şirkətlə işçilərin nümayəndələri arasında narazılığı daha da artırıb.
Almaniya avtomobil sənayesini nə gözləyir?
Almaniya avtomobil istehsalçılarının üzləşdiyi çətinliklərin bir neçə əsas səbəbi var. Çin bazarında satışların azalması, elektrik avtomobillərinə tələbatın gözləniləndən zəif olması, istehsal xərclərinin yüksəlməsi və Çin istehsalçılarının Avropa bazarında rəqabəti gücləndirməsi sektora ciddi təzyiq göstərir.
Bununla yanaşı, ABŞ-ın tətbiq etdiyi gömrük tarifləri də Almaniya avtomobil şirkətlərinin maliyyə nəticələrinə mənfi təsir göstərir.
Beləliklə, vaxtilə Almaniyanın sənaye qüdrətinin əsas simvollarından sayılan avtomobil sektoru indi ciddi struktur dəyişiklikləri ilə üz-üzədir. Zavodların bağlanması, investisiyaların dayandırılması və kütləvi ixtisarlar təkcə avtomobil istehsalçılarını deyil, minlərlə işçinin və bütöv regionların gələcəyini də sual altına qoyur.
Rəsmiyyə Şərifova,
KONKRET.az
