Əfqanıstanda baş verənlər ABŞ-ın İrana qarşı böyük hücumunun tərkib hissəsidir – ŞƏRHbackend

Əfqanıstanda baş verənlər ABŞ-ın İrana qarşı böyük hücumunun tərkib hissəsidir - ŞƏRH

Elnur Məcidli

Mənim 6 ildən yuxarı əfqanlarla iş təcrübəm var. Xüsusən əfqanların böyük əksəriyyətini təşkil edən paxtular Talibanı açıq dəstəkləməkdən çəkinmirlər. Bu zamana qədər Talibana və etdiklərinə haqq qazandırmaq mümkün deyil. Ancaq, demokratik istənilən seçkidə Taliban Əfqanıstanda hakimiyyətə gələ biləcək gücdür. Təəssüf ki, bu xoş olmayan reallıqdır, həm də əfqan xalqının dünya görüşü, son 50 ildə yaşadığı işğallar, ənənəçi fikirlər və s. ilə bağlıdır.

Dünən İstanbulda bir qrup əfqan immiqrant Talibanın hakimiyyətə gəlməsini açıq şəkildə, taliban bayraqlarıyla qeyd ediblər. 20 ildir NATO və Amerikan ordusunun təlim keçdiyi əfqan ordusuyla bağlı hesabatlar dəhşətlidir, hər 3 əfqan əsgərinin 2s-i Taliban tərəfdarı olduğu güman edilir. Korrupsioner hakimiyyət Amerikanın ayırdığı milyardlıq büdcələri ordunun güclənməsinə yönəltmək yerinə dağıtmaqla məşğul olub.

İkinci öyrənə biləcəyimiz nəticə odur ki, xalqa demokratiya verməkdən daha çox, ilk növbədə ölkənin stabilliyi əsas alınmalıdır. Bu fonda, müstəqilliyimizin və ölkəmizdəki sabitliyin nə qədər qiymətli olduğunu bir daha anlamalıyıq. Digər bir reallıq odur ki, NATO və ABŞ-ın Əfqanıstanda olması, heç də Talibanı bitirməyə hesablanmamışdı, bu, bu gün daha aydın görsənir. Taliban sadəcə kölgəyə çəkilmişdi, Əfqanıstanın daxili siyasətinə öz təsirini davam etdirirdi. Talibanla dialoqlar artıq 2 ildir davam etdirilirdi, bu gün gəlinən nöqtə, əslində yekun nəticədir.

Bəlkə də yekun nəticə deyil, daha böyük geosiyasi maraqlara hesablanmış bir prosesin ilk addımıdır. İndiki məqamda, ilk növbədə hansı ölkələr Əfqanıstanla sərhəddir, o ölkələr daha çox narahat olmalıdı, İran daxil. Heç kəs, qonşuluğunda Şimali Koreya yaxud Suriya bənzəri qonşu istəməz. Çünki qonşudakı qeyri stabillik digər ölkələrə də sirayət edir.

Məncə, bu addım İrana qarşı son həmlələrdəndir, mən düzü yaxın dövrdə İranın yeni bir müharibəyə cəlb edilərək parçalanması prosesinə başlanma ehtimalı görürəm.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*