Əhalinin NƏZƏRİNƏ: Bu evlər qanuni sayılmayacaq və onlara “Kupça” verilməyəcəkbackend

Əhalinin NƏZƏRİNƏ: Bu evlər qanuni sayılmayacaq və onlara "Kupça" verilməyəcək

Azərbaycanda mühafizə zonalarında – yüksək təzyiqli qaz xətləri, dəmir yolları və digər kommunikasiya xətlərinin yaxınlığında inşa edilən evlərə çıxarış (“kupça”) verilməməsi məsələsi uzun illərdir müzakirə mövzusudur. Bəs belə ərazilərdə illərdir yaşayan insanların taleyi necə olacaq?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, söhbət qanunvericiliklə xüsusi rejim tətbiq olunan mühafizə zolaqlarından gedir.

Elnur Azadov: “Təəssüf ki, Azərbaycan xaricə daşınmaz əmlak yatırımı  sahəsində çox geridə qalır”

“Bu ərazilər kommunikasiya xətlərinin təhlükəsizliyini təmin etmək məqsədilə müəyyən edilir və burada tikinti işlərinə ciddi məhdudiyyətlər qoyulur. Qaz xətləri, su boruları, dəmir yolları, magistral yollar, meşə zolaqları, su hövzələri və kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti aparılması ya tam qadağandır, ya da ciddi tələblərlə tənzimlənir. Məsələn, dəmir yoluna 60 metrdən yaxın məsafədə tikinti aparmaq olmaz. Bəzi magistral yollarda mühafizə zolağı 20 metr təşkil edir. Qaz xətlərində məsafə onun təzyiqindən, su borularında isə diametrindən asılı olaraq müəyyən edilir”, – deyə o, bildirib.

Elnur Azadovun sözlərinə görə, bu cür ərazilərdə inşa edilən evlərin hüquqi statusu yoxdur və onların leqallaşdırılması mümkün deyil.

“Xüsusilə, kommunikasiya xətlərinin mühafizə zonalarına düşən tikililər gələcəkdə də tanınmayacaq.

Bəzi hallarda aidiyyəti qurumlar belə qanunsuz tikililərdən xəbərdar olsa da, zamanında qarşısı alınmayıb. Məsələn, Keşlə qəsəbəsində kollektor üzərində çox sayda ev tikilib. Maraqlıdır ki, aidiyyəti qurumlar bunu bilə-bilə həmin evlərə abonent kodları da verib. Bu isə gələcəkdə söküntü məsələsində məsuliyyətin kimdə olacağı sualını yaradır”.

Onun fikrincə, belə hallarda əsas mübahisə mövzusu kompensasiya məsələsidir.

“Əgər söküntü aparılacaqsa, kompensasiyanı kim ödəyəcək? Bunun üçün ya dövlət büdcəsindən vəsait ayrılmalıdır, ya da məsul qurumlar bu istiqamətdə konkret addımlar atmalıdır.

Kənd təsərrüfatı təyinatlı bəzi torpaqların gələcəkdə müəyyən şərtlərlə leqallaşdırılması mümkün ola bilər. Lakin kommunikasiya xətləri və mühafizə zolaqlarına düşən ərazilərlə bağlı belə bir ehtimal yoxdur”.
Beləliklə, mühafizə zonalarında illərdir məskunlaşan vətəndaşların hüquqi statusu qeyri-müəyyən olaraq qalır və onların gələcək taleyi əsasən dövlətin bu istiqamətdə atacağı addımlardan asılı olacaq.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*