2027-ci il üçün Azərbaycanda yaşayış minimumunun ölkə üzrə 314 manat müəyyən edilməsi nəzərdə tutulur. Layihəyə əsasən, gələn il əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat təşkil edəcək.
Qeyd edək ki, 2026-cı ildə yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat müəyyən edilib. 2027-ci ildə yaşayış minimumunun ölkə üzrə 14 manat artırılır. Məbləğin az olması isə cəmiyyətdə narazılıq yaradıb.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, Azərbaycandakı yaşayış minimumu anlayışı vətəndaşın layiqli yaşayışı üçün deyil.
O bildirib ki, bu, insanın sadəcə fiziki sağ qalması üçündür: “O da bu dəqiqə sağ qalmasıdır. İnsanın təbii ki, layiqli həyat tərzi təmin olunmursa, get-gedə xəstələnəcək, digər problemlərlə üzləşib həyatdan gedəcək. Bu, ümumiyyətlə Azərbaycandakı modelin qeyri-qənaətbəxş olmasıdır. Bizdə bu məbləğə 70 faiz ərzaq, 30 faiz isə qeyri-ərzaq daxildir. Ərzaq aydındır ki, sadəcə qidadır. Qeyri-ərzaq da dedikdə mənzil, kommunal xidmətlər, səhiyyə, təhsil, nəqliyyat, geyim, mədəni ehtiyaclardır. Onlara az diqqət verilib. Məsələn, inkişaf etmiş ölkələrdə isə əksinədir. 20-40 faiz ərzaqdır, qalanı isə qeyri-ərzaqdır. Yəni təxmini deyə bilərəm ki, Azərbaycanda yaşayış minimumu azı iki dəfə çox olmalıdır. Bu da azı belə olmalıdır ki, insan yalnız qidalanmalı deyil, başqa ehtiyacları da var axı”.
