“Elə bilirəm, ürəyim qopub yerə düşəcək” – KONKRET.az-ın Qubadlı səfərindən ƏN TƏSİRLİ ANLAR – FOTOLAR/VİDEObackend

"Elə bilirəm, ürəyim qopub yerə düşəcək" - KONKRET.az-ın Qubadlı səfərindən ƏN TƏSİRLİ ANLAR - FOTOLAR/VİDEO

Fadil Paşayev

Həmişə anam deyərdi ki, ay Allah, mənə qanad ver, gedim o yerləri görüm. Anam çox arzulayırdı, ömrünün hər anında bir möcuzə gözləyirdi ki, doğulduğu, boya-başa çatdığı, Şirzad dədəsinin, Şəkil nənəsinin xatirələrilə dolu kəndinə getsin. Mənə danışdığı yuxulardakı hadisələr də kəndimizdə cərəyan edirdi. Bir sözlə, onun 30 il idi ki, burnunun ucu göynəyirdi. Çünki Qubadlıda onun bitib-tükənməyən xatirələri, kövrək anları, sevincli, atalı-analı günləri olmuşdu.

Qubadlıya çatanda anam artıq göz yaşlarını saxlaya bilmədi. Axı sevgililər qovuşanda, bir-birinə bərk sarılanda göz yaşları axıdır. Anam demək olar ki, körpəlikdən 18 yaşına qədər Dondarlıda böyüdü, boya-başa çatdı. Məktəbə getdi, cırhacır yay fəsillərində yaylaqlarında, buz bulaqlarında, dağlarında qarış-qarış gəzdi, gəlin köçdü. Məhəmmədəli kişinin ocağında yurd saldı. Tahirlə ailə qurub Sumqayıta gəldi. Amma kənddən onun ruhu qopmadı, öz Vətəninə sevgi ilə bizi dünyaya gətirdi, böyütdü. Evimizdə anamla mən daha çox kənd həyatımızdan danışmaqdan yorulmuruq.

30 ildə elə gün olmurdu ki, Dondarlının, Bərgüşadın, Ağa çayının, Sarıyamacın, Qarabaşlının, Mirzalı dərəsinin, Ağ yolun, Şaban məhəlləsinin adı çəkilməsin evimizdə. Mir Məhəmməd Ağanın, Mirmehdi ağanın mistik həyat hekayələri ilə böyütdü anam bizi. Və budur, anam üçün o gün gəldi. Şəhidlərimizin qanı, qazilərimizin canı hesabına torpaqlarımız işğaldan azad olundu. Allah anamın dualarını qəbul etdi. Ona qoşa qanad verdi, öz kəndini görməyə gəldi… Videodan təsirli anlara diqqətlə baxın…

P.S. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əzizim, canım Sirac, səni heç vaxt unutmayacağam!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*