ABŞ-da elektron siqaret istehsalçısı “Juul” 33 ştatda nikotinə aludəçilik törətdiyinə görə aparılan istintaq çərçivəsində təqribən 440 milyon dollar təzminat ödəməyə razılaşıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Konnektikut ştatının baş prokuroru Vilyam Tonq bildirib.
Onun sözlərinə görə, “Juul” firması 6-10 il müddətində 438,5 milyon dollar təzminat ödəməyə razılaşıb.
Bildirilib ki, sözügedən təzminatın məbləği “Juul”un keçən il ABŞ-da 1,9 milyard dollarlıq satışlarının təxminən 25%-nə uyğundur.
Digər 9 əyalət və yüzlərlə istehlakçının şirkətə qarşı açdığı təzminat iddiaları hələ də davam edir.
Qeyd edək ki, 2015-ci ildə “Juul” buraxıldıqdan sonra gənclər arasında elektron siqaret istifadəsi sürətlə artıb.
ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) ilk dəfə 2020-ci ilin yanvarında meyvə, konfet, nanə və şirin dadlı bütün elektron siqaretlərin istehsalının və satışının qadağan edildiyini açıqlayıb.
ABŞ hökumətinin məlumatlarına görə, ölkədəki hər dörd orta məktəb şagirdindən biri qadağaya baxmayaraq elektron siqaretdən istifadə edir.
İqbal Rzayev,
KONKRET.az
