Emil Kazımov 300 minlik dələduzluqda ittiham olunurbackend

Emil Kazımov 300 minlik dələduzluqda ittiham olunur

Astara sakini vətəndaşların etibarından sui-istifadə edərək 300 minlik dələduzluqda ittiham olunur.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, təqsirləndirilən Emil Kazımovla bağlı cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası sentyabrın 17-də keçiriləcək.

İstintaqla müəyyən olunub ki, təqsirləndirilən Emil Kazımov tanışına Astara rayonunun Kijəbə qəsəbəsində yerləşən özünə məxsus “Həyat” aptekinin ikinci mərtəbəsini klinikaya çevirəcəyini, buradan və dərman satışından əldə edilən gəliri yarıbayarı böləcəklərini vəd edib. Bu yolla onun 192 min manat pulunu ələ keçirib.

Bundan başqa, təqsirləndirilən Emil Kazımov digər tanışının Rusiyadan Azərbaycana 5 milyon rubl (139 600 manat) göndərmək istədiyini öyrənib və həmin pulu bəzi hesablara köçürərək ölkəyə gətirəcəyini və ona verəcəyini vəd edib. Pulu ölkəyə gətirsə də, vədinə əməl etməyərək pulu qaytarmayıb.

Axtarışda olan Emil Kazımov ötən il Rusiyada saxlanılıb. Baş Prokurorluğun vəsatəti əsasında iyul ayında Azərbaycana ekstradisiya edilib. Barəsində əvvəlcə həbs qətimkan tədbiri seçilsə də, sonradan ev dustaqlığına buraxılıb.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs 331 min manat məbləğində ziyanı tam ödəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*