Erməni terroru ilə bağlı OTIF Baş Katibinə çağırış edildibackend

Erməni terroru ilə bağlı OTIF Baş Katibinə çağırış edildi

Son günlərdə Ermənistan başlatdığı hərbi təcavüz fonunda məqsədyönlü şəkildə Azərbaycanın ərazisində yerləşən beynəlxalq neft-qaz, nəqliyyat layihələri hədəfə alınması ilə əlaqədar Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimovanın Dəmiryolu ilə Beynəlxalq Yük Daşımaları üzrə Hökumətlərarası Təşkilatın (OTİF) Baş Katibi Volfqanq Küpper ilə görüşü olub.

KONKRET.az xəbər verir ki, səfir X. İbrahimova öncə Ermənistan silahlı qüvvələrinin atdığı mərmilərin neft-qaz kəmərlərinin yanına düşməsi faktları barədə məlumat verərək Ermənistanın bu təcavüzkar aktının regional təhlükəsizliyə təhdid olduğunu qeyd edib və Azərbaycan ərazisindəki yerli və beynəlxalq əhəmiyyətli dəmiryolu xətlərinin də təhlükədə olmasını diqqətə çatdırdı. Bu xüsusda səfir OTİF tərəfindən Ermənistanın təcavüzkar siyasətinin pislənilməsi üçün çağırış edib.

OTİF Baş Katibi Volfqanq Küpper Ermənistan və Azərbaycan arasında gedən döyüşlər barədə ciddi narahatlığını ifadə edərək, regionda tezliklə sülhün bərqərar olunacağına ümidvar olduğunu qeyd edib. Bundan əlavə o, Azərbaycanın OTİF üçün regionda çox vacib və strateji ölkə olduğunu diqqətə çatdırıb və ölkəmizin ərazisindən keçən dəmir yollarının təhlükəsizliyinin təmin edilməsinin təşkilat üçün vacibliyini vurğulayıb.

Sonra qeyd olunub ki, Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini kobudcasına pozaraq və növbəti təcavüzə əl ataraq Azərbaycan ordusunun cəbhəyanı bölgələrdə yerləşən mövqelərini intensiv şəkildə atəşə tutub və nəticədə mülki əhali və hərbi qulluqçular həlak olub, eləcə də mülki obyektlərə ciddi ziyan dəyib. Ermənistanın hərbi təcavüzünün hələ də davam etdiyini qeyd edən səfir BMT Nizamnaməsinin müvafiq maddəsinə uyğun olaraq özünümüdafiə prinsipi əsasında Azərbaycan ordusunun ərazilərimizi və əhalimizi qorumaq məqsədilə əks-hücuma keçdiyini və cavab tədbirləri gördüyünü vurğulayıb.

Paşinyanın 2018-ci ildə akimiyyətə gəlməsindən sonra Ermənistanın təxribat xarakterli fəaliyyəti barədə faktları bir-bir sadalayan səfir baş nazir Paşinyan tərəfindən atılan bu addımların, həqiqətə əsaslanmayan və düşünülməmiş bəyanatların və son aylarda Ermənistan tərəfindən həm iki ölkə sərhədində, həm də təmas xəttində hərbi təcavüzün başladılmasının ATƏT-in Minsk Qrupu çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı illərdir aparılan danışıqları iflic vəziyyətə saldığını V.Küpperin diqqətinə çatdırılıb.

Sonda səfir işğal edilmiş ərazilərimizin xəritəsi əsasında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkarlıq siyasət barədə Volfqanq Küpperə izahedici təqdimat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*