“Bakı, üçtərəfli razılaşmaya əsasən Qarabağ ermənilərinin öz evlərinə qayıtma mümkünlüyünü istisna etmir”.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “İzvestiya”ya müsahibəsində deyib.
O, ərazilərin köçürülməsi barədə heç bir söhbət olmadığını vurğulayıb.
“Ölkəmiz ən yüksək səviyyədə keçmiş DQMV-nin (Dağlıq Qarabağ Muxtar Vilayətinin) erməni əhalisini Azərbaycan ərazisinə inteqrasiya etməyə hazır olduğunu dəfələrlə təsdiqləyib. Lakin ərazidə yaşamaq hüququ əraziləri özgəninkiləşdirmək hüququ kimi başa düşülməməlidir. Buna görə də sualınıza cavab olaraq bildirirəm ki, bəli, onlar (ermənilər) bizimlə birlikdə münaqişədən əvvəl olduğu kimi, ölkəmizin vətəndaşı kimi yaşaya bilərlər”, – deyə Rzayev bildirib.
O, eyni zamanda ümid etdiyini bildirib ki, “Ermənilər əvvəllər yaşadıqlarından daha yaxşı yaşayacaq və ölkədəki digər millətlər kimi onlara da hər cür şərait yaradılacaq”.
Geri dönmək istəyən ermənilər üçün təhlükəsizlik zəmanətinin olub-olmayacağına dair suala cavab olaraq Rövşən Rzayev dövlətin, konstitusiyasının və qanunlarının Azərbaycanda yaşayan bütün vətəndaşlar üçün qarant olduğunu vurğulayıb.
“Bütün bunların qarantı isə ölkəmizin Prezidenti İlham Əliyevdir”, – deyə komitə rəhbəri əlavə edib.
Xuraman Etibarlı
KONKRET.az
