İran Xarici İşlər Nazirliyi Omanla Hörmüz boğazından gəmiçiliklə bağlı birgə bəyanatın hazırlıq işlərinin yekun mərhələsində olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, İran XİN-in rəsmi nümayəndəsi İsmail Baqai iki ölkə arasında danışıqların təxminən iki aydır davam etdiyini və peşəkar atmosferdə irəlilədiyini qeyd edib. Onun sözlərinə görə, təklif olunan gəmiçilik marşrutunun coğrafi koordinatları artıq razılaşdırılıb və əgər üçüncü tərəflər prosesə mane olmasa, sənəd yaxın vaxtlarda hazır olacaq.
Bununla belə, Baqai vurğulayıb ki, İran və Oman arasındakı bu razılaşma hələlik Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə tam zəmanət verə bilməz. Çünki boğazın bağlanmasına səbəb olan amillər – o cümlədən ABŞ-nin hərbi-dəniz blokadası, həmçinin ABŞ və İsraildən gələn davamlı təhdidlər hələ də həllini tapmayıb.
Bundan əlavə, XİN rəsmisi həftənin sonuna Pakistan və ya Qətərə xarici işlər nazirinin və ya parlament sədrinin səfərinin nəzərdə tutulmadığını, lakin bu ölkələrin gərginliyin azaldılması istiqamətində səylərini davam etdirdiyini, İranın da onlarla sıx əlaqədə olduğunu diqqətə çatdırıb.
Natiq Səlim,
KONKRET.az
