Ermənistan prezidenti Armen Sarkisyan “Aravot” qəzetinə verdiyi müsahibəsində “Ermənistan niyə Qarabağdakı müharibədə məğlub oldu?” sualına belə cavab verib: “Bu illər ərzində Azərbaycana və ya NATO üzvü olan Türkiyəyə müqavimət göstərə biləcək bir ordu yarada bilmədik. Düşünürəm ki, prinsipcə, xalqın hərbi ruhu və sədaqəti sayəsində bu, mümkün idi. Lakin bizdə hərbi texnika, müvafiq təlim, təşkilat işi yox idi”.
KONKRET.az xəbər verir ki, dünən tirajlanan müsahibədə Armen Sarkisyan Ermənistanın məğlubiyyətini şərtləndirən bir sıra səbəbləri etiraf edib.
O, həmçinin deyib ki, “1994-cü ildə biz qalib bir dövlət idik. Bütün dünya, eləcə də, Avropa və NATO bölgədəki ən güclü orduya sahib olduğumuzu düşünürdü. “Dağlıq Qarabağ əhalisi o zaman 100 mindən bir az çox idi. 26 ildən sonra yenə də əhali sayı 100 min ətrafında dəyişir. Biz həm də demoqrafik müharibədə məğlub olduq. Düşünürəm ki, 26 ildə Dağlıq Qarabağda 500 və ya 600 min insan yaşaya bilərdi. Bunu müzakirə etmək istəməsəm də, amma mümkün olduğuna əminəm. Ancaq bu, baş vermədi. Müharibə şəraitində bir milyon insanın olması bir başqa, 100 min əhalinin olması bir başqa şeydir”.
Surxay Atakişiyev,
KONKRET.az
