Son dövrlər Rusiya ilə Ermənistan arasında siyasi və diplomatik münasibətlərdə müşahidə olunan gərginlik regionda yeni geosiyasi suallar doğurur.
Bəs tərəflər arasında yaranan narazılıqların əsas səbəbləri nədir? Mövcud vəziyyət yaxın gələcəkdə hərbi qarşıdurmaya çevrilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Rusiya-Ermənistan münasibətlərində yaranmış gərginliyin əsas səbəbi Ermənistan cəmiyyətində uzun illər formalaşmış gözləntilərlə bağlıdır:

“Ermənistan cəmiyyəti Azərbaycanla münaqişə dövründə Rusiyadan birmənalı və birbaşa dəstək gözləyirdi. Xüsusilə də Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi prosesində Rusiyanın müdaxilə göstərəcəyinə ümid bəslənirdi. Lakin bu baş vermədi və nəticədə Ermənistan cəmiyyətində Rusiyaya qarşı ciddi xəyal qırıqlığı yarandı”.
Ekspertin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin başlanması Ermənistan üçün Qərblə münasibətləri genişləndirmək baxımından yeni imkanlar açdı:
“Qərb ölkələri Cənubi Qafqazda Rusiyanın təsir imkanlarını zəiflətməyə çalışırlar və bu siyasətdə Ermənistandan istifadə edirlər. Müəyyən mənada məqsədlərinə də nail olublar. Hazırda Ermənistan cəmiyyətində Rusiyaya qarşı narazılıqlar mövcuddur və bu, iki ölkə rəsmilərinin açıqlamalarında da açıq şəkildə hiss olunur”.
Qasımov qeyd edib ki, Ermənistan hakimiyyəti ölkənin uzun illər Rusiyanın “forpostu” kimi fəaliyyət göstərdiyini düşünür və daha müstəqil xarici siyasət yürütməyə çalışır:
“Bu istiqamətdə artıq müəyyən addımlar atılıb. Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin genişlənməsi, təhlükəsizlik sahəsində Rusiyadan uzaqlaşması və Qərblə inteqrasiyanı dərinləşdirməyə çalışması Moskvada ciddi narazılıq yaradır. Rusiya isə Cənubi Qafqazı öz təsir dairəsi hesab edir və bölgədəki mövqelərini qorumaqda qərarlıdır”.
Politoloq bildirib ki, tərəflər arasında fikir ayrılığı yaradan məsələlərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır:
“2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, dəhlizdə nəzarətin Rusiya sərhədçilərinə verilməsi nəzərdə tutulurdu. Ermənistan sonradan bu məsələyə yanaşmasını dəyişib. Hazırda Ermənistandan keçəcək marşrut üzərində nəzarətin ABŞ şirkətinə verilməsi ilə bağlı memorandum imzalanıb və yaxın aylarda praktik addımların atılması gözlənilir. Bu da Moskvanın narazılığına səbəb olan amillərdəndir”.
Ekspert xatırladıb ki, Ermənistanda keçirilən son parlament seçkiləri dövründə Rusiya rəsmilərinin sərt bəyanatları da münasibətlərin daha da gərginləşməsinə səbəb olub:
“Seçki kampaniyası zamanı Rusiyanın müxtəlif səviyyəli rəsmiləri tərəfindən Ermənistana yönəlik təhdid xarakterli açıqlamalar səsləndirildi. Avrasiya İqtisadi İttifaqı çərçivəsində verilən bəyanatlar da bunun göstəricisi idi. Moskva müxtəlif vasitələrlə Baş nazir Nikol Paşinyanın mövqelərini zəiflətməyə çalışsa da, buna nail ola bilmədi. Bununla belə, Rusiyaya yaxın qüvvələrin parlamentdə əvvəlki dövrlə müqayisədə daha çox təmsil olunması Moskvanın müəyyən uğuru hesab edilə bilər”.
Oqtay Qasımovun fikrincə, bütün bu gərginliyə baxmayaraq, yaxın perspektivdə Rusiya ilə Ermənistan arasında birbaşa hərbi qarşıdurma ehtimalı çox aşağıdır:
“Rusiya hazırda Ukrayna müharibəsində ciddi şəkildə məşğuldur və proseslər Moskvanın istədiyi istiqamətdə inkişaf etmir. Ukraynanın son dövrlərdə Rusiyanın strateji obyektlərinə endirdiyi zərbələr vəziyyəti daha da mürəkkəbləşdirib. Digər tərəfdən, Qərbin bölgədə artan təsiri də nəzərə alınmalıdır. Ermənistan hakimiyyəti mümkün təzyiq ssenarilərinə hazırlaşır. Buna görə də yaxın gələcəkdə Rusiya ilə Ermənistan arasında açıq hərbi münaqişənin baş verməsi real görünmür”.
Aynurə İsmayıl
KONKRET.az
