“Ermənistanda parlament seçkiləri öncəsi tərəflər arasında sərt ritorika artıq ən pik həddə çatıb. Bu, onu deməyə əsas verir ki, seçki günü və sonra ölkədə vəziyyət çox gərgin olacaq. Hətta mövcud durum toqquşmalara da gətirib çıxara bilər”.
KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru (CQTM) Fərhad Məmmədov deyib.
O bildirib ki, Avropa İttifaqı və Rusiya Ermənistandakı seçkilərə aşkar müdaxiləsi var:
“Brüssel və Moskva rəsmiləri Ermənistanda seçki prosesinə birbaşa müdaxilə edirlər. Rusiya həm informasiya cəbhəsində, həm dövlət səviyyəsində, həm də iqtisadi sahədə Nikol Paşinyan hökumətinə qarşı addımlar atır və bu birbaşa olaraq Ermənistandakı seçkilərə təsir etmək məqsədi daşıyır”.
Politoloqun fikrincə, Kreml hazırda müəyyən iqtisadi sanksiyalarla İrəvana təzyiq göstərməyə çalışır:
“Dünən erməni mənşəli yaxud tranzit yolu ilə daşınan güllərin Ermənistandan Rusiyaya ixracına müvəqqəti qadağa qoyulub. Bundan öncə isə Ermənistana Rusiyadan idxal olunan bəzi mallara qadağa tətbiq edilmişdi. Bu addım öz növbəsində seçiciləri qorxutmaq kimi qiymətləndirilə bilər”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə vurğulayıb ki, Ermənistanda seçkiləri uduzmaq, uduzan tərəf üçün baha başa gələcək:
“Bu gün Azərbaycan və Ermənistan arasında normallaşma prosesi davam edir. Məhz bu konteksdə Ermənistanda baş tutacaq seçkilərin nəticələri bizim üçün də çox maraqlıdır. Nikol Paşinyan və Robert Koçaryan başa düşürlər ki, onlardan birinin hakimiyyətə gəlməsi digərinin linç edilməsi və həbsə atılması ilə nəticələnəcək. Ona görə də, bir-birlərinə qarşı tam sərt ritorikadan istifadə etməkdən çəkinmirlər. Onların arasında təkcə siyasi yox, həm də şəxsi konteksdə düşmən münasibətlər var”.
Siyasi şərhçi deyib ki, hazırda ermənilər seçim qarşısındadır:
“7 iyun seçkilərində Ermənistan əhalisi öz gələcəyinə səs verəcək. Əgər onlar Robert Koçaryanı dəstəkləsələr, bu köhnə ideologiyaya, Azərbaycanla müharibəyə, Qarabağa iddiaya verilmiş səs olacaq. Yox əgər ermənilər Nikol Paşinyanın tərəfində olsalar, bu sülhə, davam edən proseslərin lehinə və yeni konstitusiyaya səs vermək deməkdir. Amma onlar çox yaxşı bilməlidir ki, 7 iyun seçkiləri təkcə özlərinin dövlətçiliyi sarıdan yox, həm də coğrafi sərhədlərinin məlum olması baxımından çox önəmlidir”.
Qeyd edək ki, iyunun 7-də Ermənistan parlament seçkiləri keçiriləcək. Hazırda seçki kampaniyası gedir və kəskin ritorika var. Bu, əsasən Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” Partiyası ilə keçmiş prezident Robert Koçaryan (“Ermənistan” bloku) arasında yaşanır. Müxalif bloklar Paşinyanı ölkəni kapitulyasiyaya uğratmaqda və milli xəyanətdə ittiham edərkən, Paşinyan tərəfi onları keçmiş korrupsioner rejim adlandıraraq xalqı qorxu altında saxlamaqda günahlandırır. Rusiya isə rəsmi İrəvanın Qərbə meyllənməsinin qarşısını almaq üçün Paşinyan hökumətinə qarşı media təbliğatı və iqtisadi təzyiqlərdən istifadə edir, seçkilərdə isə Kremlin maraqlarına daha yaxın olan Koçaryan və Sarkisyan qanadına açıq siyasi dəstək nümayiş etdirir.
