Dünəndən etibarən müxtəlif səviyyəli erməni rəsmilərinin “Şuşanı “azad etmək” olar”, “Şuşanı və Hadrutu “azad etməliyik” tipli bəyanatları sosial şəbəkələrin erməni seqmentində geniş müzakirələrə səbəb olub. Belə ki, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyandan tutmuş, “Yerkrapah” hərbi təşkilatının rəhbəri Sasun Mikaelyana qədər hər kəs sözün əsl mənasında ağzına gələni çərənləyib. Bəs görəsən, bu bəyanatların arxasında nə dayanır? Səsləndirilən fikirlər boş söz yığınıdır, yoxsa ermənilərin Şuşa və Hadrutu geri qaytarmaq üçün real təxribatçı planları ola bilər?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Ermənistanda Hadrut və Şuşa ilə bağlı səslənən bəyanatlar revanşist düşüncənin məhsuludur: “Bu cür arzu və xəyalları vaxtilə Robert Koçaryan da Poznerə müsahibəsində dilə gətirib. Amma bu cür fikirlər səsləndirən ermənilərin hamısı birmənalı şəkildə anlayırlar ki, verdikləri bəyanatların heç bir məntiqi əsası yoxdur və onların arzuları reallaşmayacaq. Azərbaycan öz mövqelərini kifayət qədər möhkəmləndirib. Belə bir revanşist düşüncələrə və təxribatlara imkan verməyəcək. Azərbaycana qarşı hansısa təxribat əməllərinin həyata keçirilməsi təhlükəsi yerindəcə dəf ediləcək. Nəzərə almalıyıq ki, artıq Laçın yolunun Ermənistanla sərhəd hissəsində bizim postumuz fəaliyyətə başlayıb. Ermənistandan göndəriləcək silah-sursatın və təxribatçıların Qarabağa keçməsi mümkün deyil. Ona görə də, bu bəyanatların Ermənistanın daxili siyasətinə hesablandığını düşünürəm”.

Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi hər bir halda istənilən təxribata hazır olmalıdır: “Bu təxribatlara cəhd olunacağı halda Ermənistana və onun hərbi birləşmələrinə növbəti ağır zərbə vurulacaq və məsələ tam şəkildə bitəcək. Çünki erməni ordusu 44 günlük müharibədə ağır zərbə alıb. Amma görünür, bu zərbədən onlar tam olaraq dərs çıxarmayıblar. Ermənistan ordusunun qalıqları tam şəkildə ərazidən çıxarılana və məhv edilənə qədər bu cür sərsəm və utopik bəyanatlar səslənəcək. Amma bunun qarşısı mütləq alınmalıdır”.
Müşviq Tofiqoğlu,
KONKRET.az