“Kreml konkret olaraq Azərbaycan-Türkiyə tandeminə üz tutur və erməni dövlətlərinə arxa çevirir. Rusiya artıq “Artsax”ın Azərbaycana tam təslim edilməsi ilə bağlı hazırlıqları davam etdirdiyini gizlətmir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Ermənistan və Azərbaycanın münasibətləri normallaşdırmaq məqsədi ilə Praqada razılaşması məsələni asanlaşdırdı” bəyanatı birmənalı şəkildə sübuta yetirir. Çünki bəyannamədə Alma-Ata prinsipinə uyğunlaşmadan söz açılır və “Artsax”ın Azərbaycanın bir hissəsi olduğu əks edilir”.
KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb: “Əbəs yerə deyil ki, Ermənistan rəhbərliyi son vaxtlar statusdan yox, Qarabağda erməni əhalisinin hüquqlarının təmin edilməsinin zəruriliyindən danışır. Çünki Azərbaycan tərəfi buna hazırdır. Azərbaycanın digər vətəndaşlarının malik olduğu hüquqların Qarabağın erməni əhalisinə şamil olunmasına razıdır”.
“Nəhayət, maskalar cırılır. Lavrov o şəxs deyil ki, Putinlə razılaşmadan nəsə söyləyə bilsin. Bu, o deməkdir ki, Kreml konkret olaraq Azərbaycan-Türkiyə tandeminə üz tutur və Ermənistana arxa çevirir. Son iki ildə Moskva Lavrovun dili ilə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinin zəruri olduğunu xatırladır, “Artsax”ın statusu məsələsini isə ertələyir. İndi isə Moskva öz mövqeyini tamamilə dəyişib. İndi Moskva Azərbaycan və Türkiyənin meydanında oynadığından, Lavrov Putinin fikirlərini çatdırır. Moskvanın həqiqətən də İrəvana qəzəblənməsi üçün bir səbəbi var. Putin Paşinyanın İrəvanda KTMT-nin yekun bəyannaməsini imzalamaqdan imtina etməsinə çox hirslənib. Amma erməni cəmiyyətinin böyük əksəriyyəti Baş nazirin qəti və prinsipial mövqeyini dəstəkləyib. Rusiya üçün bu imic məsələsi olsa da, Ermənistana görə ölkənin təhlükəsizliyi mövzusudur. Ona görə də Paşinyan ağıllı hərəkət etdi və ölkə daxilində hər kəs ona dəstək oldu” – Arşakyan bildirib.
Erməni analitikin sözlərinə görə, Paşinyanın getdikcə daha çox Qərbə doğru meyl etməsi Rusiyanın xoşuna gəlmir: “Paşinyanın öz ərazisində Avropa İttifaqı missiyasına razılıq verməsi Moskvanı qıcıqlandırır. Çünki ruslar özləri həmin ərazidə möhkəmlənmək istəyirlər. Bundan əlavə, Rusiya qorxur ki, Ermənistan öz ərazisinə Aİ-nin hərbi missiyanı, Fransa ordusunu və ya NATO-nu dəvət edə bilər. İrəvanın Paris və Vaşinqtonla kommunikasiya amplitudasını artırması Kremlin ə ürəyini sıxır. Yeri gəlmişkən, ABŞ dövlət katibinin Qafqaz üzrə baş müşaviri, səfir Filip Riker İrəvandadır. Bütün bunlar isə Lavrovun dili ilə Ermənistanı qorxutmağa çalışan Moskvanı qəzəbləndirir. Odur ki, Ermənistan Kremlin həddindən artıq sərt himayəsindən qurtulmalıdır. Çünki İrəvan Rusiyanın Bakı və Ankara ilə oyunlarına razılaşmayacaq. Paris, Aİ və Vaşinqtondan gələn təkan isə Ermənistanın düzgün istiqamətdə – Rusiyadan uzaqlaşmasına və daha parlaq gələcəyə doğru irəliləməsinə əsas verir” – Tevos Arşakyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az