Rusiyada səfərbərlikdən danışarkən onu çox vaxt 1941-ci il və ya 1914-cü il səfərbərlikləri ilə müqayisə edirlər. Lakin nədənsə 1904-cü ildə başlayan Rusiya–Yaponiya müharibəsi zamanı elan edilən səfərbərlik çox vaxt unudulur.
Həmin dövrün mənzərəsini yazıçı Vikenti Veresayev “Yaponiya müharibəsi”ndə kitabında ətraflı təsvir edib. Hadisələr o vaxt Veresayevin yaşadığı Tula quberniyasında cərəyan edir.
“Aprelin sonunda quberniyamızda səfərbərlik elan edildi. Bu barədə astadan danışırdılar, artıq üç həftə idi ki, onu gözləyirdilər, amma hər şey dərin məxfilik içində saxlanılırdı. Və birdən-birə, sanki qasırğa kimi, səfərbərlik quberniyanın üzərinə çökdü”.
“Kəndlərdə kişiləri birbaşa tarladan, kotanın arxasından götürürdülər. Şəhərdə isə polis gecənin bir aləmi mənzillərin qapısını döyür, çağırış vərəqələrini təqdim edir və onları dərhal polis bölməsinə gəlməyə məcbur edirdi. Tanıdığım bir mühəndisin bütün xidmətçilərini, nökərini, faytonçusunu və aşpazını eyni vaxtda apardılar. Özü həmin vaxt evdə yox idi. Polis onun masasını sındırıb çağırılanların pasportlarını götürdü və hamısını apardı”.
“Bu anlaşılmaz tələskənlikdə laqeyd və qəddar bir şey vardı. İnsanları işlərinin tam ortasından qoparır, nə işlərini qaydaya salmağa, nə də yarımçıq qoyduqları məsələləri həll etməyə vaxt verirdilər. İnsanları aparır, onların arxasında isə mənasız şəkildə dağılmış təsərrüfatlar, viran olmuş ailə və həyatları qalırdı”.
Veresayev yazır ki, ertəsi gün çağırış məsələləri ilə bağlı hərbi idarəyə getməli olub. Ehtiyatda olduğu üçün səfərbərlik halında ona göndəriləcək çağırış üçün kənddəki ünvanını bildirməli idi.
“Hərbi idarənin böyük həyətində, hasarların yanında at qoşulmuş arabalar dayanmışdı. Arabalarda və yerdə qadınlar, uşaqlar, qocalar oturmuşdular. Binanın eyvanının qarşısında isə böyük bir kişi izdihamı toplaşmışdı. Əsgər qapının qarşısında dayanıb kişiləri qovurdu. Hirslə qışqırırdı:
– Sizə deyildi ki, bazar ertəsi gəlin!.. Gedin, dağılışın!
– Axı necə yəni bazar ertəsi? Bizi tutub gətirdilər, deyirdilər: “Tez olun! Elə indi gəlməlisiniz!”.
– Elə isə bazar ertəsi gəlin!…
Yazıçının sözlərinə görə, şəhərin hər yerində ağlaşma və fəryad səsləri eşidilirdi. Burada və orada qısa, lakin faciəvi dramlar yaşanırdı.
Çağırılan zavod fəhlələrindən birinin ürək xəstəsi olan həyat yoldaşı və beş uşağı vardı. Çağırış vərəqəsi gələndə qadın həyəcan və kədərdən ürək tutması keçirərək elə oradaca vəfat edib. Əri əvvəlcə arvadının meyitinə və uşaqlarına baxıb, daha sonra tövləyə gedərək özünü asıb.
Başqa bir çağırılan şəxs isə üç uşağı olan dul kişi idi. O, hərbi idarədə ağlayaraq qışqırırdı:
“Bəs uşaqları mən neyləyim? Öyrədin, göstərin! Axı mən olmayanda onlar burada acından öləcəklər!”.
Veresayev yazır ki, kişi sanki ağlını itirmişdi, qışqırır, yumruqlarını havada silkələyirdi. Sonra qəfildən susub evinə gedib, uşaqlarını balta ilə öldürüb və geri qayıdıb:
“İndi məni də aparın! Öz işlərimi həll etdim”.
Kişi həbs olunub.
Bu arada müharibə meydanından gələn teleqramlar ard-arda yaponların böyük uğurları və rus hərbçilərinin “cəsur kəşfiyyat əməliyyatları” barədə məlumatlar gətirirdi.
İyunun əvvəlində Veresayev kənddə olarkən hərbi idarəyə dərhal gəlməsi barədə teleqram alıb.
“Orada mənə bildirdilər ki, həqiqi hərbi xidmətə çağırılmışam və Tambova – 72-ci piyada diviziyasının qərargahına getməliyəm. Məni səyyar səhra hospitalına təyin etdilər”.
Həkim kimi Veresayev çağırış zamanı hərbi-tibbi komissiyaların fəaliyyətində də iştirak edib. O, həmin prosesdə şahidi olduğu hadisələrdən birini belə xatırlayır:
“Əsgəri içəri gətirdilər”.
– Şalvarını aşağı sal! – diviziya həkimi sərt və xüsusi, sanki şübhə ilə dolu səslə dedi. – Həə! Bu nədir ki? Boş şeydir! Yox, yox, azad etmək olmaz!
– Cənabınız, mən heç yeriyə bilmirəm, – əsgər qaşqabaqlı halda dedi.
Qoca qəfildən əsəbiləşdi.
– Yalan deyirsən! Özünü xəstə kimi göstərirsən! Çox yaxşı yeriyə bilərsən! Mənim özümün bundan da betəri var, amma bax, yeriyirəm! Bu ki boş şeydir, aman Allah! – sonra həkimə müraciətlə əlavə etdi. – Əsgərlərin çoxunda belədir… Nə yaramaz adamdır! Alçağın biridir!
– Siz hərbi xidmətin şərtlərini bilmirsiniz. Əsgərlərlə daha sərt davranın. Nəzərə alın ki, bunlar adi pasiyentlər deyil. Onların hamısı heyrətamiz dərəcədə tənbəl və xəstəliklərini şişirdən adamlardır.
Bir əsgər yeriməsinə mane olan ayaq ağrılarından şikayətlənərək polkun baş həkiminə müraciət edir. Lakin onun ayaqlarında zahiri əlamət görünmədiyi üçün həkim əsgəri danlayaraq yanından qovur.
Polkun kiçik həkimi isə əsgərin arxasınca gedir, onu diqqətlə müayinə edir və onda tipik, kəskin ifadə olunmuş yastıayaqlılıq aşkarlayır. Əsgər hərbi xidmətdən azad edilir.
Bir neçə gün sonra həmin gənc həkim atış təlimində növbətçi olur. Əsgərlər geri qayıdarkən onlardan biri xeyli geridə qalır, ayaqlarının üzərinə qəribə şəkildə basırdı.
Həkim ondan nə baş verdiyini soruşur.
– Ayaqlarım ağrıyır. Amma xəstəlik içəridədir, çöldən görünmür, – əsgər sakit və qaşqabaqlı halda cavab verir.
Həkim onu müayinə edir və diz reflekslərinin tamamilə olmadığını müəyyənləşdirir. Bu əsgər də, təbii ki, hərbi xidmətdən azad edilir.
Veresayev daha sonra Tambovda hərbi eşelonun müharibəyə göndərilməsindən əvvəl baş verənləri təsvir edir:
“Şəhər bütün vaxt qorxu və həyəcan içində yaşayırdı. Çağırılmış əsgərlərin coşqun dəstələri şəhərdə dolaşır, yoldan keçənləri qarət edir, dövlətə məxsus şərab dükanlarını dağıdırdılar. Deyirdilər:
“Qoy məhkəməyə versinlər. Onsuz da öləcəyik!”.
“Axşam düşərgələrin arxasında əsgərlər kərpic zavodundan qayıdan əlli qadının qarşısını kəsərək onları zorladılar. Bazarda ehtiyatda olan hərbçilərin böyük üsyan hazırladığı barədə gizli söz-söhbətlər dolaşırdı”.
“Şərqdən isə yaponların böyük uğurları və rus yüzbaşıları ilə podporuçiklərinin cəsarətli kəşfiyyat əməliyyatları barədə yeni xəbərlər gəlirdi”.
Nəhayət, hərbi eşelon yola salınır.
Veresayev qatardakı vəziyyəti də belə təsvir edir:
“Əsgər vaqonlarında fasiləsiz içki məclisləri gedirdi. Əsgərlərin arağı haradan və necə əldə etdiyini heç kim bilmirdi, amma onların kifayət qədər arağı vardı. Gecə-gündüz vaqonlardan mahnı səsləri, sərxoş söhbətlər, gülüşlər gəlirdi”.
“Qatar stansiyadan çıxarkən əsgərlər nizamsız və sərxoş halda, yorğun və gücsüz səslə “Uraaa!”, – deyə qışqırırdılar. Eşelonların keçməsinə artıq öyrəşmiş insanlar isə onlara səssiz və laqeyd baxırdılar”.
— Kupemizə vağzalın nəzarətçisi daxil oldu. O, həyəcanlı və narahat görünürdü.
– Eşitmisiniz? – deyə soruşdu. – İndi vağzalda zabitlər mənə danışırdılar. Deyirlər, dünən əsgərlər yolda polkovnik Lukaşevi öldürüblər. Sərxoş halda vaqonlardan keçən sürüyə atəş açmağa başlayıblar. O isə onları dayandırmaq istəyib və əsgərlər onu güllələyiblər.
“Əsgərlərin əyləncəsində də eyni yorğun və süst coşqu hiss olunurdu. İnsan bütün gücü ilə, dayanmadan əylənmək istəyirdi, amma bu alınmırdı. Hər şey sərxoşluq içində idi, amma eyni zamanda darıxdırıcı idi”.
“Keçmiş çəkməçi, kapral Suçkov hər dayanacaqda israrla və işgüzar şəkildə rəqs edirdi. Sanki hansısa xidməti vəzifəni yerinə yetirirdi. Əsgərlər onun ətrafına toplaşırdılar”.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
