“Ermənistanın getməyə yeri yoxdur!”.
KONKRET.az xəbər verir ki, xəbər verdiyimiz kimi, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bir gün əvvəl Vladimir Solovyova müsahibəsində deyib. O bildirib ki, digər postsovet respublikaları Belarus və Rusiya birlik dövlətinə qoşula bilər. Eyni zamanda o, Ermənistanı nəzərdə tutaraq, ermənilərdə qəzəbləndirən bəyanatlar verib.
“Ermənistanın getməyə yeri yoxdur, sizcə, onlar kiməsə lazımdır? Onlar artıq gördülər – Nikol Vovayeviç bunu görüb”, – deyə Lukaşenko vurğulayıb.
Hakim “Mülki müqavilə” partiyasının deputatı Ovik Aqazaryan parlamentin iclasında Lukaşenkoya cavab verib.
“Belə qiymətləndirmələr verməzdən əvvəl Lukaşenko daha çox donuz tövləsinə bənzəyən Minsk hava limanına girsə daha yaxşı olar”, – deyə Ağazaryan bildirib.
Politoloq Hayk Xalatyan isə onun sözlərində həqiqət olduğunu bildirib.
“Lukaşenkonun bəyanatını Ermənistanın siyasi reallıqlarına uyğunluğu baxımından dəyərləndirsək, onda müəyyən qədər həqiqət var”, – deyə Xalatyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistan və digər postsovet ölkələri ətrafında baş verənlər göstərir ki, bu məkan ilk növbədə Rusiyaya qarşı geosiyasi mübarizə aləti kimi Qərbi maraqlandırır.
Xalatyan deyib ki, hazırda Ermənistanın təhlükəsizliyinin və ərazi bütövlüyünün əsas və hətta deyə bilərik ki, yeganə təminatçısı kimi Rusiyanın rolunun alternativi yoxdur.
“Bundan əlavə, 44 günlük müharibədə məğlubiyyətdən sonra Ermənistan Qərbi yalnız ona görə maraqlandırır ki, burada Rusiyanın hərbi bazası var. Və Rusiyanın Ermənistandan qovulması son itki demək olacaq”, – erməni politoloq deyib.
Digər tərəfdən, Xalatyanın fikrincə, “Ermənistanın getməyə yeri yoxdur” yanaşması, eləcə də siyasi elita və cəmiyyətlə normal iş aparmamasından qaynaqlanır və nəticədə anti-dövlətçiliyin kəskin artmasına səbəb olur.
Xuraman Etibarlı,
KONKRET.az
