Ermənistanın Rusiyaya və KTMT-yə arxalanması absurddur – ŞƏRHbackend

Ermənistanın Rusiyaya və KTMT-yə arxalanması absurddur - ŞƏRH

Bu gün Nikol Paşinyanın Ermənistan cəmiyyətinə və Rusiyaya hesablanmış açıqlamaları medianın əsas gündəm mövzularından biridir.

Çox maraqlıdır ki, Paşinyan böyük bir bəlağətlə Ermənistanın təhlükəsizlik sistemində Rusiyanın, xüsusən KTMT-nin mühüm rolundan danışır.

Maraqlıdır, Ermənistan hansı təhlükəsizlik sistemindən danışır?

Ermənistan mediasında xüsusi olaraq vurğulanır ki, Azərbaycan və Türkiyə hücumlarından qorunmaq üçün mütləq Rusiyaya arxalanmaq lazımdır. Göründüyü kimi, bu ölkədə əsl dövlətçilik ənənələri formalaşmayıb. Belə getsə, hələ də bu təfəkkürlə Ermənistan Rusiyanın forpostu olaraq qalacaq. Bu baxımdan erməni siyasətçilər və güclü erməni diasporu həm xalqı, həm də özlərini aldatmaqla məşğuldurlar.

Regionda Azərbaycan və Türkiyə ilə qonşu olan Gürcüstan da var. Məsələnin əsas məğzi odur ki, müstəqil siyasət yeridən Gürcüstanın dövlət təhlükəsizliyini birbaşa Rusiya təhdid edir. Deməli, problem Ermənistanın aqressiv siyasətindədir.

Bu baxımdan təcavüzkar siyasəti ilə Ermənistanın Rusiyaya və KTMT-yə arxalanması absurddur. Çünki onun işğal siyasətində Rusiya başda olmaqla, Belarus, Qazaxıstan və Qırğızıstan ona heç bir hərbi və siyasi dəstək veməyəcək.

Problem məhz nədədir? Məsələ burasındadır ki, yalan bir düşüncə bu ölkədə hakimdir və bu da o deməkdir ki, bütövlükdə erməni xalqı dövlətçilik quruculuğunda özünü düzgün ifadə edə bilmir.

Robert Koçaryan, Serj Sarkisyan, Vazgen Manukyan kimi siyasətçilərin hədəfləri bütün mahiyyəti ilə regionda və beynəlxalq müstəvidə hər kəsə məlumdur: Rusiya və digər KTMT ölkələrinin iştirakı ilə Ermənistan Azərbaycana qarşı qıcıq oyadacaq mövqedə olmaq istəyir. Bu isə Rusiya, Fransa və ABŞ kimi güclərin əlinə təzyiq vasitəsi kimi oynamaq imkanı verir. Amma bəzi ağıllı ermənilər dərk edir ki, Böyük Britaniya, Türkiyə, Pakistan və İsrail Azərbaycan ərazilərində istənilən hərbi proseslərə dərhal reaksiya verəcək.

Azərbaycan Silahlı Qüvvələrinin gücü və aktivliyi isə bir başqa mövzudur. Belə ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə tam nəzarət edir. Bu isə Ermənistanın hər hansı qıcıq oyadan hərəkətlərinə cavab verən mühüm amildir. Doğrudur, hər hansısa toqquşma təşəbbüsü nəzərdən qaçmamalıdır. Rusiya yaxşı dərk edir ki, erməni tərəfi gərginliyin daha da artması ilə ilk növbədə Putini çıxılmaz vəziyyətə salır. Belə bir regional vəziyyətdə isə Ermənistan rahat şəkildə dövlətçiliyin itirə və Rusiyanın bir əyalətinə çevrilə bilər. Bu qədər sadə. Deməli, erməni xalqının təhlükəsizlik sistemində Rusiya və KTMT deyil, dövlətçilik əxlaqı mühüm rol oynamalıdır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*