Ətin qiyməti 30 manatı keçə bilər – Səbəblər açıqlandıbackend

Ətin qiyməti 30 manatı keçə bilər – Səbəblər açıqlandı

Son dövrlər ölkədə ətin qiymətinin artması bir çox ailənin gündəlik qidalanmasına da təsir göstərir. Xüsusilə aztəminatlı ailələr üçün ətin müntəzəm istehlakı çətinləşdiyindən, onun yerini tuta biləcək daha əlçatan məhsulların olub-olmaması müzakirə edilir.

Bəs bahalaşan ətin sağlam alternativi varmı, yoxsa insan orqanizmi üçün əvəzolunmaz hesab olunur?

Mövzu ilə bağlı KONKRET.az-a danışan qida texnoloqu Ağa Salamov bildirib ki, ətin qida dəyərini tam şəkildə əvəz edə biləcək ikinci məhsul yoxdur.

Tava alarkən bunlara diqqət edin… | KONKRET

Onun sözlərinə görə, ətin tərkibində olan B12 vitamini və hemoqlobinin formalaşmasında mühüm rol oynayan maddələr insan sağlamlığı üçün xüsusi əhəmiyyət daşıyır:

“Bəziləri göbələyi alternativ kimi göstərirlər. Doğrudur, göbələkdə də B12 vitamini var. Amma onun miqdarı insanın gündəlik tələbatını ödəyəcək səviyyədə deyil. Buna görə də “ət əvəzinə göbələk yeyin” demək düzgün olmaz. İnsan həftədə ən azı iki dəfə ət istehlak etməlidir. Ətdən alınan B12 vitamini və hemoqlobin ürək-damar sistemi, əzələlərə oksigen daşınması və ümumi sağlamlıq üçün vacibdir. Əti tam əvəz edəcək məhsul yoxdur.”

Ekspert qeyd edib ki, müəyyən hallarda ciyər də faydalı qida hesab olunsa da, o da ətin tam alternativi sayıla bilməz.

Ağa Salamov hesab edir ki, problemin əsas həlli qiymətlərin əlçatan olması üçün kənd təsərrüfatı sahəsində ciddi dəstək mexanizmlərinin yaradılmasıdır. Onun fikrincə, kəndliyə daha çox imkan verilməli, bazara çıxış sadələşdirilməli və əlavə xərclər azaldılmalıdır.

“Kəndliyə dəyər verilməlidir. Monopoliyanın qarşısı alınmalıdır. Fermerlər məhsullarını birbaşa yarmarkalarda sata bilməlidirlər. Onlardan əlavə ödəniş və ya yarmarkaya giriş haqqı tələb olunmamalıdır. Soyuducularla təchiz edilmiş müasir yarmarkalar yaradılmalıdır ki, həm ət, həm də digər kənd təsərrüfatı məhsulları birbaşa istehlakçıya çatdırılsın.”

Qida texnoloqunun sözlərinə görə, örüş sahələrinin azalması, kommunal xərclərin yüksək olması və fermerlərin üzərinə düşən əlavə maliyyə yükü də məhsulun maya dəyərini artırır.

“Rayonlarda qış daha sərt keçir və insanlar daha çox qazdan istifadə edirlər. Fermerlərin kommunal xərcləri, örüş yerlərinin azlığı və digər problemlər son nəticədə məhsulun qiymətinə təsir göstərir. Kəndliyə dəstək verilmədikcə kənd təsərrüfatı məhsullarının bahalaşması davam edəcək.”

Ağa Salamov bildirib ki, hazırkı tendensiya davam edərsə, yaxın dövrdə ətin qiymətinin 30 manatı da keçməsi istisna deyil.

Ekspert sonda vurğulayıb ki, kəndli ölkənin ərzaq təhlükəsizliyinin əsas təminatçısıdır və bu təbəqəyə xüsusi diqqət göstərilməlidir:

“Kəndli bal arısı kimidir. Bal arısı olmasa, həyat davam etməz. Kəndli xalqın sağlamlığını təmin edən əsas qüvvədir. Ona görə də kəndliyə toxunulmaz münasibət göstərilməli, fəaliyyətini çətinləşdirən maneələr aradan qaldırılmalıdır. Yalnız bu halda bazarda bolluq və qiymət sabitliyindən danışmaq mümkün olar.”

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*