Filippində son bir ay ərzində musson yağışları və tropik siklonların səbəb olduğu daşqın və torpaq sürüşmələri ciddi fəsadlara yol açıb.
KONKRET.az xəbər verir ki, bu barədə “The Philippine Daily Inquirer” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, təbii fəlakətlər nəticəsində azı 32 nəfər həyatını itirib, üç nəfər isə itkin düşüb. Ölənlərin əksəriyyəti ölkənin şimalındakı Luson adasında qeydə alınıb.
Fəlakətin miqyası bununla məhdudlaşmayıb. Təxminən 8 milyon insan daşqın və torpaq sürüşmələrinin təsirinə məruz qalıb. 25 800-ə yaxın sakin 297 təxliyə mərkəzinə yerləşdirilib.
Ən çox ölüm halları Benqet əyalətində qeydə alınıb.
Burada 15 nəfər torpaq sürüşmələri nəticəsində həyatını itirib. Baguio şəhərində 10, Atokda 3, La Trinidadda isə 2 ölüm qeydə alınıb.
Təbii fəlakət nəticəsində təxminən 2 900 evə ziyan dəyib. Onlardan 349-nun tamamilə dağıldığı bildirilir. Bir sıra yollar və körpülər də sıradan çıxıb. Tarlak əyalətində yerləşən tarixi Akvino körpüsünün bir hissəsi güclü su axını nəticəsində çöküb.
Rəsmi hesablamalara görə, infrastruktura dəyən zərərin həcmi 6,11 milyard Filippin pesosuna çatıb. Kənd təsərrüfatına dəyən zərər isə 2,32 milyard peso qiymətləndirilir.
Ölkədə ən azı 117 yerli hökumət orqanı fəlakət vəziyyəti elan edib. Hökumət zərərçəkənlərə yardım üçün 1,65 milyard peso vəsait ayırıb.
Filippin Meteorologiya Xidməti isə təhlükənin hələ sovuşmadığını açıqlayıb. Musson yağışlarının davam edəcəyi proqnozlaşdırılır.
Bundan əlavə, Pinatubo dağı ətrafındakı çay sistemləri boyunca güclü yağışların yeni sel və torpaq sürüşmələrinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.
Günay Əli
KONKRET.az
