ABŞ-də aparılan genişmiqyaslı sosial-statistik tədqiqat nikah yaşı ilə boşanma riski arasındakı əlaqənin “U şəkilli” əyri üzrə dəyişdiyini ortaya qoyub. “Qoldiloks nəzəriyyəsi” (Goldilocks) adlı təhlilə görə, boşanma riskinin ən aşağı olduğu ideal yaş həddi 28–32 arası müəyyən edilib.
KONKRET.az xəbər verir ki, cəmiyyətdə uzun illər qəbul edilən “Nikah yaşı nə qədər gecikərsə, boşanma riski bir o qədər azalar” yanaşması yerini yeni faktlara verib. ABŞ Milli Ailə Artımı Sorğusunun (NSFG) göstəriciləri göstərir ki, erkən yaşda qurulan ailələr kimi, gecikmiş nikahlar da yüksək boşanma riski daşıyır.
10 mindən çox iştirakçının məlumatları göstərir ki, 20-li yaşların sonuna doğru boşanma ehtimalı azalsa da 32 yaşdan sonra qrafik tərsinə dəyişir. 35 yaş və üzərində ailə quran cütlüklərin boşanma faizi 28–32 yaş aralığında evlənənlərlə müqayisədə yenidən yüksəlir.
Tədqiqatçılar cütlüklərin cinsi, təhsili, dini inancı və sosial-iqtisadi statusunu nəzərə aldıqda da bu mənzərə dəyişmir. Bütün kənar amillər neytrallaşdırıldıqdan sonra da 30-lu yaşların ortalarından etibarən bağlanan ilk nikahlarda boşanma meylinin artdığı təsbit edilib.
Akademik dairələrdəki müzakirələrə cavab verən alimlər zamandan asılı analizlərin zəruriliyini vurğulayıblar. 2006–2010 və 2011–2013-cü illəri əhatə edən iki fərqli milli məlumat bazası 28–32 yaş qrupunun boşanma riskinə qarşı ən təhlükəsiz aralıq olduğunu təsdiqləyib.
Mütəxəssislər gecikmiş nikahlardakı bu risk artımının psixoloji və davranış səbəblərini araşdırmaq üçün yeni tədqiqatların vacibliyini bildirirlər.\\sfera.az
