backend

"Gələcəyimiz üçün təhlükəli olan TikTok bağlana bilər" - İLGİNC AÇIQLAMA

ABŞ-ın dövlət qurumları “TikTok”u korporativ cihazlardan siləcək. Belə ki, ABŞ Senatı dövlət qurumlarına məxsus cihazlarda “TikTok”un qadağan edilməsinə səs verib. Eyni zamanda Avropa Komissiyası işçilərə rəsmi smartfonlarda “TikTok”dan istifadəni qadağan edib. Görünən odur ki, sözügedən platformanın ABŞ üçün təhlükəsi nəzərə alınaraq dövlət tərəfindən belə bir addım atılıb. Bu məsələ Azərbaycanda “TikTok”un fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı məsələni yenidən gündəmə gətirib. Bəs, görəsən, sözügedən şəbəkənin bağlanması mümkündürmü? Ümumiyyətlə, bu şəbəkə cəmiyyət və dövlət üçün hansı təhlükələr yaradır? 

Mövzunu KONKRET.az-a şərh edən informasiya texnologiyaları üzrə ekspert Orxan Baxışlı bildirib ki, Azərbaycanda TikTok şəbəkəsinin bağlanması mümkündür: “Hətta bir müddət öncə ölkədə adıçəkilən sosial şəbəkənin fəaliyyəti məhdudlaşdırılmışdı. İndi dövlət tərəfindən belə bir məsələ uyğun görülərsə, o zaman şəbəkə Azərbaycanda bağlana bilər. ABŞ isə bu addımı təhlükəsizlik məqsədi ilə atıb. Yəni sözügedən platformanın Çin tərəfindən yaradıldığı və idarə edildiyi sirr deyil. ABŞ və Çin rəqib olduğundan Birləşmiş Ştatlar təhlükəsizlik tədbirlərini gücləndirmək və informasiya sızmasının, eləcə də kəşfiyyat xarakterli məlumatların yayılmasının qarşısını almaq məqsədi ilə bu addımı atıb. Hazırda Azərbaycanda TikTok şəbəkəsinin fəaliyyəti qənaətbəxş deyil. Çünki bu platformadan heç də yaxşı məqsədlər üçün istifadə olunmur. Gənclərə yaxşı örnək deyil və insanlar burada boş vaxt itirirlər. Hətta “TikToker”lərin “fəaliyyəti”nə görə hüquq mühafizə orqanlarına çağırıldıqlarını və həbs olunduqlarını müşahidə edirik. Ona görə də bu platformanın fəaliyyətini müsbət qiymətləndirmirəm”.

İT üzrə ekspert əlavə edib ki, TikTok şəbəkəsinin fəaliyyəti Azərbaycanda  dayandırılsa, cəmiyyət olaraq bundan heç nə itirməyəcəyik: “Digər sosial şəbəkələr var və insanlar bundan səmərəli şəkildə istifadə edirlər. Təbii ki, TikTok şəbəkəsindən də normal məqsədlər üçün yararlananlar var. Amma  daha çox neqativ, cəmiyyəti mənəvi deqredasiyaya məruz qoyan məlumatlardan istifadə edənlərin sayı çoxdur. Azərbaycanda bu şəbəkənin fəaliyyətinin niyə bağlanmadığını söyləmək çətindir. Amma bu şəbəkədən daha çox azyaşlıların istifadə etdiyini nəzərə alsaq, o zaman gələcəyimizin təhlükədə olduğunu deyə bilərik. Axı uşaqlar oradan yaxşı nə nümunə götürə bilər ki?”.

Orxan Baxışlının sözlərinə görə, TikTok şəbəkəsinin dövlətimiz üçün təhlükəsi barədə fikir söyləmək çətindir: “Yəqin ki, təhlükə olsaydı, hüquq mühafizə orqanları bir tədbir görərdi. Əgər TikTok Azərbaycanda hələ fəaliyyət göstərirsə, deməli dövlət təhlükəsizliyi baxımından hansısa problem mövcud deyil”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*