Gənclər evi, yoxsa narkomaniya yuvası? – VİDEO + FOTOLAR – ÖZƏLbackend

Gənclər evi, yoxsa narkomaniya yuvası? - VİDEO + FOTOLAR - ÖZƏL

Qubada 28 May parkının ərazisində yerləşən tikili uzun illərdir antisanitariya mənbəyinə çevrilib.

KONKRET.az-ın şimal bürosunun xəbərinə görə, əvvəllər Gənclər evi kimi ucaldılan tikili 2013-cü ildən yarımçıq qalıb. Bina Parkın ümumi görünüşünə xələl gətirməklə yanaşı, həm də böyük bir zibil poliqonunu xatırladır.

Yarımçıq tikili həm də günümüzün bəlasına çevrilən narkomaniya yuvasıdır. Dörd bir tərəfdən açıq qalan mərtəbələrdə istifadə edilərək atılan şprislər belə deməyə əsas verir. Qeyd edək ki, inzibati binanın dam örtüyünün olmaması binanın tam yararsız hala düşməsinə və narkomaniya yuvasına çevrilməsinə səbəb olub.

Ətrafda yaşayan sakinlərdən biri – İmaməddin Mədinov KONKRET.az-a açıqlamasında bildirib ki, bu ərazi əməlli-başlı antisanitariya mənbəyidir. Heyvanlarla yanaşı, yoldan keçən insanlar da öz təbii ehtiyaclarını gözdən uzaq bu yarımçıq tikilinin içərisində ödəyirlər. Bu isə ərazinin xəstəlik mənbəyinə çevrilməsinə səbəb olur.  Üstəlik, rayonun əksər gəncləri gecələr bu xarabalığa çevrilən ərazilərə yığılır. Burada nəinki narkotik istifadə edirlər, həmçinin digər pis vərdişlərini də həyata keçirirlər.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru Xəyal Talıbov saytımıza açıqlamasında sözügedən ərazinin tam nəzarətə götürüldüyünü deyib. Həmin ünvanda neqativ halların tam aradan qaldırılması üçün tədbirlərin davam etdirildiyini vurğulayıb. Tüfeyli həyat tərzi keçirən şəxslər barəsində isə qanunamüvafiq tədbirlərin görüldüyünü bildirib.

Gənclər və İdman Nazirliyindən verilən açıqlamada isə qeyd olunub ki, Qubada başqa bir Gənclər evi fəaliyyət göstərir. Sözügedən tikili müəyyən səbəblərdən yarımçıq saxlanılıb. Bununla bağlı isə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

Qeyd edək ki, artıq əraziyə təhlükəsizlik kameraları yerləşdirilib və yarımçıq tikilini narkotik yuvasına çevirənlər saxlanılıb. Yaxın vaxtlarda oradakı antisanitar vəziyyətə də son qoyulacaq və tikilinin içərisi təmizlənəcək.

Emin Kərimov,

KONKRET.az  

  • Tahir
    Mart 4, 2022 - 11:54

    Gənclər təşkilatlarının fəaliyyətini əks etdirən ən dogru fakt. Gənclər və idman nazirliyinin simvolu olmalı fakt.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*