Rusiyanın Kirov vilayətində təbiət qoynunda istirahət edən ər-arvad faciəvi şəkildə həyatını itirib. Onların yatdıqları avtomobil gecə saatlarında çaya yuvarlanıb.
KONKRET.az xəbər verir ki, Kirovo-Çepetsk sakinləri – 46 yaşlı Yelena və 48 yaşlı Roman ötən cümə günü balıq tutmağa və baş-başa vaxt keçirməyə gedib və izsiz-soraqsız yoxa çıxıblar. Həyəcan təbili çalan yeniyetmə oğulları polisə müraciət edib. Yerli sakinlər, polislər və könüllülərdən ibarət yüzlərlə insan bir neçə gün ərzində itkin düşənləri axtarıb. Sonda Vyatka çayını qayıqla yoxlayan iki nəfər suda avtomobil aşkar edib.
“Renault Duster” markalı avtomobil sudan çıxarıldıqdan sonra avtomobilin salonunda Yelena və Romanın meyitləri tapılıb. İlkin məlumata görə, ər-arvad arxa oturacaqda yatıb, gecə isə maşın sahildən sürüşərək suya batıb. Qapıları kilidlənmiş salondan çıxa bilməyən cütlük boğularaq ölüb.

Natiq Səlim,
KONKRET.az
